IMG-LOGO

EBRD Orta Dəhlizin Türkiyədən keçən hissəsini maliyyələşdirəcək

13 Mar 2026 15:42 2 baxış
IMG

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Türkiyəyə 500 milyon avroyadək suveren kreditin ayrılması imkanını nəzərdən keçirir.

"Report" EBRD-yə istinadən xəbər verir ki, bu vəsait İstanbul aqlomerasiyası ətrafında dolayı marşrut yaradacaq, Bosfor boğazı üzərindən yerüstü keçidi təmin edəcək 127 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin inşasının maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Layihənin icrası İnfrastruktur İnvestisiyaları üzrə Baş İdarə (AYGM) vasitəsilə həyata keçiriləcək.

Planlaşdırılan dəmir yolu xətti Asiya sahilində yerləşən Çayırova stansiyasından başlayacaq və Avropa sahilindəki Çatalca stansiyasında bitəcək. Marşrut boğazın şimal hissəsində Yavuz Sultan Səlim körpüsündə bu məqsədlər üçün xüsusi olaraq ayrılmış mövcud yollarla Bosfor boğazından keçəcək. Xətt ikiyollu, elektrikləşdirilmiş, tamamilə siqnalizasiya sistemi ilə təchiz edilmiş və həm sərnişin, həm də yük daşımaları üçün qarışıq istifadəyə hesablanmış olacaq.

Bu layihə İstanbuldan keçən üç beynəlxalq dəmir yolu ticarət dəhlizi üçün çatışmayan əlaqələndirici hissəni tamamlayır: Çin və Mərkəzi Asiyanı dəmir yolu və dəniz əlaqəsi vasitəsilə Avropanın qalan hissəsi ilə birləşdirən Orta Dəhliz, Asiya və Avropa İttifaqını (Aİ) Yaxın Şərq və Türkiyə üzərindən dəmir yolu nəqliyyatı ilə birləşdirmək məqsədi daşıyan "İraq İnkişaf Yolu" dəhlizi, Türkiyənin beynəlxalq ticarət dövriyyəsinin üçdə birini təşkil edən Türkiyə-Aİ dəhlizi.

Bu layihənin əsas məqsədi Türkiyənin milli logistika infrastrukturunun dayanıqlığının gücləndirilməsi, səmərəliliyinin və rəqabət qabiliyyətliliyinin, o cümlədən dəmir yolu yükdaşımalarının buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Bundan başqa, bu layihə ilə ümumi yük dövriyyəsi həcmində dəmir yolu nəqliyyatının payının artırılması, logistika xidmətləri sahəsində özəl investisiyaların cəlb edilməsi və innovativ yanaşmaların stimullaşdırılması üçün şəraitin yaradılması nəzərdə tutulur. Layihənin əsas hədəflərindən biri İstanbulun Avropa hissəsində yerləşən İstanbul hava limanının və Asiya hissəsindəki Sabiha Gökçən hava limanının dəmir yolu şəbəkəsinə inteqrasiyası hesabına onların nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasıdır.

Ümumiyyətlə, bu layihə Bosfor boğazından keçən təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və aşağı karbonlu sərnişin və yük dəmir yolu əlaqəsi sisteminin yaradılmasına yönəldilib. Çayırova və Çatalca stansiyaları arasındakı yeni yüksəksürətli dəmir yolu xətti beynəlxalq ticarətin genişlənməsinə kömək edəcək. Layihənin həyata keçirilməsi Türkiyənin Aİ və digər strateji əhəmiyyətli beynəlxalq dəmir yolu ticarət dəhlizləri ilə nəqliyyat bağlantısını artıracaq.

Bu dəmir yolu xətti üzrə layihənin ümumi dəyəri 7,799 milyard avro (8,1 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Bu layihəni maliyyələşdirəcək potensial təşkilatlar arasında Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və OPEK Beynəlxalq İnkişaf Fondunun da adları çəkilir.

Xəbər lenti