"Öz müştərini tanı" (KYC) prinsipinin effektiv tətbiqi məqsədilə "e-KYC" platformasının konsepsiyası hazırlanıb və platforma ilə bağlı texniki məsələlərin icrasına başlanılıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası çərçivəsində "Açıq bankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi" və "Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi" tədbirləri üzrə işlər davam etdirilib. Açıq bankçılıq ekosisteminin inkişafı mərhələli şəkildə həyata keçirilib, hesab üzrə məlumat xidməti üzrə kommersiya banklarının mərkəzləşdirilmiş infrastruktura inteqrasiyası tamamlanıb, ödəniş əməliyyatlarının aparılması xidməti üzrə isə daxili proqram təminatı və texniki spesifikasiya hazırlanıb. Açıq maliyyə üzrə konsepsiyanın təsdiq edilməsi və konsepsiyaya uyğun hüquqi-normativ bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilib.