Azərbaycanda KOB-ların maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi elan edilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə KOBİA tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq keçirilir.
Şərtlər:
- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;
- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;
- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;
- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.06.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;
- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur.
Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).
Müsabiqənin keçirilmə vaxtı: 4 aprel 2024-cü il – 14 may 2024-cü il.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 4 mart 2024-cü il saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:
• Ərizə forması;
• Müsabiqəyə təqdim olunan layihə;
• Layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• Layihənin icraçıları barədə məlumat;
• KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;
• Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.
Qeyd edək ki, müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant
Müsabiqənin nəticələri barədə məlumat 15 may 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.
Əlavə məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01.
Bizim WhatsApp kanalımıza abunə olun