Son illər Azərbaycanın bir sıra aparıcı dövlətlərlə, xüsusilə də Avropa İttifaqı ilə münasibətlərində keyfiyyətcə yeni mərhələ müşahidə olunur. Artıq Bakı-Brüssel xəttində əməkdaşlıq sadəcə tərəfdaşlıq çərçivəsindən çıxaraq getdikcə daha çox strateji məzmun kəsb edir. Bu tendensiyanın əsas səbəbi Azərbaycanın uzun illər ərzində ardıcıl şəkildə həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu, eləcə də beynəlxalq arenada artan siyasi və iqtisadi çəkisidir. Nəticədə Azərbaycan yalnız regional aktor kimi deyil, qlobal miqyasda etibarlı və məsuliyyətli strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri, ölkə rəhbərliyi ilə keçirilən görüşlər və səsləndirilən bəyanatlar da göstərir ki, Brüssel-Bakı əməkdaşlığı artıq yeni dinamika qazanaraq davamlı şəkildə dərinləşir.
Avropa İttifaqı ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq etsə də, bu partnyorluğun əsas istiqamətlərindən biri enerji sahəsidir. Aİ Şurası rəsmisinin Bakıda Prezident İlham Əliyevlə görüşündə səslənən fikirlər bunu bir daha sübut edir. Ölkə başçısının "Energetika Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub, var və olacaq" fikri bir sıra mətləblərdən xəbər verir. Birincisi, Bakı-Brüssel əməkdaşlığının mahiyyətini və strateji istiqamətini aydın şəkildə ifadə edir. Eyni zamanda bu yanaşma göstərir ki, enerji sahəsi yalnız iqtisadi əlaqələrin deyil, həm də siyasi dialoqun və uzunmüddətli tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycanın zəngin enerji resursları, onların təhlükəsiz və sabit şəkildə Avropa bazarlarına çatdırılması istiqamətində həyata keçirilən iri layihələr ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirib.
Hazırda Azərbaycan Avropanın 14 ölkəsinə təbii qaz ixrac edir və yaxın perspektivdə bu coğrafiyanın daha da genişlənməsi gözlənilir. Planlara əsasən, qaz təchizatı siyahısına Avstriya və Almaniyanın da əlavə olunması nəzərdə tutulur ki, bu da Azərbaycan qazının Avropa enerji bazarında rolunu daha da gücləndirəcək. Azərbaycanın mövcud resurs bazası və infrastruktur imkanları belə genişlənmə üçün kifayət qədər möhkəm zəmin yaradır.
Bu məsələni İlham Əliyev də Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüşündə xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır və bu artım yeni yataqların istismara verilməsi hesabına təmin olunacaq. Beləliklə, Azərbaycanın enerji strategiyası həm hasilatın genişləndirilməsini, həm də Avropa bazarlarına qaz təchizatının daha da artırılmasını nəzərdə tutur ki, bu da ölkənin Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da möhkəmləndirir.
Təbii ki, Avropaya qazın nəqlində əsas dayaq Cənub Qaz Dəhlizi layihəsidir. Uzunluğu 3500 km olan bu kəmər Avropanın enerji xəritəsini yenidən formalaşdırıb. Eyni zamanda Azərbaycanın da geostrateji çəkisini artıran ən mühüm amillərdən birinə çevrilib. Bu dəhliz vasitəsilə Xəzər dənizinin təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdırılır ki, bu da qitənin enerji mənbələrini şaxələndirməsi baxımından həyati əhəmiyyət kəsb edir. Layihənin əsas həlqələri TANAP və TAP kəmərləridir. Bu layihələr Azərbaycanın enerji mənbələrini Avropa bazarına çıxarmaqla regionun iqtisadi və siyasi mənzərəsini dəyişib, ölkənin nüfuzunu artırıb, strateji tərəfdaşlıq mövqeyini möhkəmləndirib. Eyni zamanda Avrasiyanın enerji təhlükəsizliyi arxitekturasında yeni bir dövrün simvoluna çevrilib.
Cənub Qaz Dəhlizi Rusiyadan qaz tədarükünün azalması fonunda Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Avropa İttifaqı üçün rəsmi Bakı sadəcə ticari tərəfdaş yox, həm də kritik təhlükəsizlik tərəfdaşı statusuna yiyələnib. 2022-ci ildə Bakıda imzalanan Strateji Tərəfdaşlıq Memorandumu ilə Azərbaycanın Avropaya qaz ixracını 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq öhdəliyi, Bakının Brüssel üçün strateji çəkisini rəsmiləşdirib. Qısacası, Cənub Qaz Dəhlizi Azərbaycanı sadəcə xammal ixracatçısı yox, həm də qitələrarası enerji qovşağı statusuna yüksəldib. Eyni zamanda ölkəyə uzunmüddətli valyuta axını təmin edilir.
Azərbaycanla Avropa arasında enerji sahəsində əməkdaşlığa son illərdə yaşıl enerji sahəsi də əlavə edilib. Rəsmi Bakı özünün bərpa olunan enerji potensialından istifadə etməklə Avropanın "yaşıl enerji" təchizatçısına çevrilmək yolundadır.
Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən yaşıl enerji layihəsidir. Bu layihə çərçivəsində Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal etdiyi elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır. Layihə Avropa enerji bazarının şaxələndirilməsinə və regionlararası enerji inteqrasiyasına töhfə verə bilər. Uzunluğu 1195 km nəzərdə tutulan sualtı dəhliz vasitəsilə Azərbaycan yaşıl enerjisini birbaşa Avropaya nəql edəcək. 2025-ci ildə Bolqarıstanın da layihəyə qoşulması onun əhəmiyyətinin vacibliyindən xəbər verir. 2026-cı ilin mart ayının 3-də Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurasının nazirlər iclası təsdiqlədi ki, Azərbaycan artıq Avropanın yalnız "qaz xilaskarı" deyil, həm də qitənin dekarbonizasiya (karbonsuzlaşma) prosesinin strateji mühərrikinə çevrilir. Azərbaycanın bərpa olunan enerji sektoruna 2027-ci ilə qədər 2,7 milyard dollardan çox investisiya ilə 2 QVt-lıq günəş və külək gücünün inteqrasiyası hədəflənir. Layihələr "Masdar" (BƏƏ), "ACWA Power" (Səudiyyə Ərəbistanı), həmçinin BP və "TotalEnergies" (Aİ) kimi beynəlxalq tərəfdaşlarla birgə icra olunur.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə enerji resurslarını ixrac etmir, eyni zamanda regionlararası enerji körpüsü rolunu da üstləyərək strateji mövqeyini möhkəmləndirir. Bu prizmadan yanaşanda 2024-cü ildə Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmış sənəd xüsusi əhəmiyyət kəsb edir. Bu sənədə əsasən Mərkəzi Asiyada istehsal olunacaq yaşıl elektrik enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Bu da "Orta Dəhliz" konsepsiyasına mühüm "yaşıl komponent" əlavə edir. Layihə təkcə elektrik enerjisinin tranzitini deyil, həm də Xəzər və Mərkəzi Asiya regionlarının vahid bir yaşıl enerji qovşağına çevrilməsini hədəfləyir. Beləliklə, Xəzər regionu Avropa ilə Mərkəzi Asiya arasında yeni enerji əməkdaşlığı platformasına çevrilə bilər. Bu layihə eyni zamanda enerji sistemlərinin inteqrasiyasını gücləndirəcək və regionun enerji təhlükəsizliyinə əlavə töhfə verəcək. Beləliklə, Orta Dəhliz təkcə nəqliyyat və logistika marşrutu deyil, həm də enerji əməkdaşlığı platformasına çevrilir.
Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini artıran digər mühüm amil isə ölkənin geoiqtisadi mövqeyidir. Azərbaycan Avropa ilə Asiya arasında yerləşərək qitələrarası nəqliyyat və ticarət marşrutlarının əsas qovşaqlarından birinə çevrilib. Azərbaycan üzərindən keçən Orta Dəhliz Avropa və Asiya bazarlarını birləşdirir. Bu dəhliz xüsusən də Ukraynadakı müharibə və geosiyasi gərginliklər fonunda Şimal dəhlizinə alternativ kimi çıxış edir. Eyni zamanda ən təhlükəsiz və səmərəli alternativə çevrilib. Rəqəmlərə müraciət edək. Məsələn, 2025-ci ildə Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 16.9 milyon tona çatıb. Bu isə əvvəlki illərlə müqayisədə 20 faizdən çox artım deməkdir. Çindən Avropaya və əks istiqamətdə daşınan konteynerlərin də sayında kəskin artım var. 2025-ci ildə Azərbaycandan bu istiqamətlərdə keçən konteyner qatarlarının sayı 300-ü keçib. Bakı Dəniz Ticarəti Limanının isə gücünün 25 milyon tona çatdırılması üçün işlərə start verilib. Bu isə sübut edir ki, Orta Dəhlizə Avropanın marağı hər ötən gün daha da artır. Bunu şərtləndirən digər amil isə zaman məsələsidir. Çindən Avropaya yüklərin çatdırılma müddəti 12-15 günə başa gəlir. Bu isə dəniz yolu ilə müqayisədə 3 dəfə az müddət deməkdir. Bundan əlavə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də illik yükaşırma qabiliyyəti modernləşmə sayəsində 1 milyon tondan 5 milyon tona çatdırılıb. Orta Dəhlizin inkişafı yalnız ticarət və logistika sahəsində deyil, həm də enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Bütün bu sadalanan faktlar sübut edir ki, Azərbaycan Avropa üçün sadəcə enerji mənbəyi deyil, eyni zamanda Asiya bazarlarına açılan ən təhlükəsiz və səmərəli qapıdır. Bu səbəbdən də Aİ ilə rəsmi Bakının münasibətləri tədricən daha dərin və çoxşaxəli xarakter alır…
Kamil Məmmədov



