Qırğızıstanın fövqəladə hallar naziri vəzifəsinə təklif olunan 10 namizəddən 9-u korrupsiya işləri ilə əlaqəli çıxıb.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Joqorqu Keneşin (parlament) iclasında bəyan edib.
Onun sözlərinə görə, qurumun əvvəlki rəhbəri vəzifəsindən azad edildikdən sonra 10 namizədin nəzərdən keçirilməsi təklif olunub: "Lakin onlardan doqquzu ilə bağlı məlum oldu ki, korrupsiya işləri var. Məgər bizim dövlət qulluğunda normal və təmiz kadrlar qalmayıb? Biz uyğun namizədi çətinliklə tapdıq".
Qeyd edək ki, ölkənin fövqəladə hallar naziri Urmatbek Şamırkanov təyinatından üç həftə sonra ötən gün vəzifəsindən kənarlaşdırılıb.