IMG-LOGO

Dövlət Komitəsinin sədri: "ASAN xidmət" modelindən bütün ölkələrin qadınları faydalanmalıdır

11 Mar 2026 04:09 4 baxış
IMG

Azərbaycanın "ASAN xidmət" modeli beynəlxalq səviyyədə maraq doğurur.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri vurğulayıb ki, hazırda dünyanı narahat edən əsas məsələlərdən biri qadınların statusu, onların hüquqları və qorunmasıdır. Xüsusilə sürətli rəqəmsal transformasiya dövründə qadınların rəqabət imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir:

"Rəqəmsal transformasiya dövründə dövlət xidmətlərinin əlçatanlığının artırılması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın "ASAN xidmət" modeli beynəlxalq səviyyədə maraq doğurur. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" vətəndaşların, o cümlədən qadınların dövlət xidmətlərinə daha rahat və sürətli çıxışını təmin edir. Bu xidmət modelindən bütün ölkələrin qadınları faydalanmalıdır. Biz buradakı görüşlərimizdə Azərbaycanın inşa etdiyi bu platformaya böyük maraq olduğunu görürük".

Dövlət Komitəsinin sədri bildirib ki, sessiya çərçivəsində Azərbaycan həm müstəqil şəkildə, həm də tərəfdaş ölkələrlə birgə bir sıra yan tədbirlər təşkil edib:

"Söyləməliyəm ki, bu sessiyanın proqramı olduqca maraqlıdır. Ən yaddaqalan məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Türk Dövlətləri Təşkilatının adından ilk dəfə BMT tribunasından bəyanat səsləndirmək oldu. Mövzu bütün qadınların ədalətə çıxışının təmin edilməsi və gücləndirilməsi idi. Çıxışımda Azərbaycanın qadınlarla bağlı milli planlarını təqdim etdim. Eyni zamanda, digər ölkələrin təşkil etdiyi tədbirlərə qatılır və ikitərəfli görüşlərlə fəaliyyətimizi faydalı şəkildə davam etdiririk".

B. Muradova bildirib ki, platformalarda təcrübə paylaşımı, ikitərəfli müzakirələr və əlaqələrin qurulması əsas məqsəddir:

"Azərbaycanla maraqlanan digər ölkələrin qadın rəsmiləri də diqqət göstərir. Bu tədbirdə ən az dörd ölkənin nümayəndəsi mənə yaxınlaşıb dedi ki, Azərbaycana səfər etməyi planlaşdırır. Bu platformalar rəsmilərin və fəalların şəbəkə qurması, təcrübə paylaşması baxımından vacibdir".

Xəbər lenti