Bakı Ağır Cinayətlər Məhkəməsində Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə dövlət ittihamçısının təqsirləndirilən Emin Adıgözəlova sualları ilə davam edib.
E. Adıgözəlov Nazim Qarayevi uzun müddətdir ki, tanıdığını deyib:
"Rulonlar Fərahim və Günelin idi. Fiziki şəxs kimi kassa mənim adıma qoyulmuşdu. Məni bu işə Anar və Lena cəlb edib. Elnuru da Şamilin vasitəsi ilə tanıdım. Günel bu işin kraliçasıdır. 2000 manatlıq çekləri mənə o verib. Dedi ki, bundan mənə 75 000 pul qalacaq. Atırdılar pulu kartıma, sonra gəlib götürürdülər. Mənim 10000 -15000 manat gəlirim olub, o pula da maşın almışam. İndi o maşın qalıb Kürdəxanı yollarında".
Digər təqsirləndirilən Nazim Qarayev 2022-ci ildən bu işə qoşulduğunu bildirib:
"Restoranda dostlarımla oturmuşdum. Söhbət belə oldu ki, ƏDV çeklərindən yaxşı pul qazanmaq olar. Samir adlı dostum dedi ki, çek tapa bilərəm. 10 gün sonra görüşdük, mənə 50 faiz çek satdı. Mənə vəd etdiyi məbləğin hamısını vermədi, dedi o qədər məbləği yoxdur, bir neçə günə görüşüb verəcək. O gedən getdi, xəbər çıxmadı ondan. Onu tapmaq üçün Gülelə çıxdım. O da çekləri verdi ki, get borclarını qaytar. Borcum 77 000 manatdır. Mən çekləri ancaq dost-tanış, ailə üzvlərimə alıb-satmışam. Əgər çek alıb-satmaq cinayətdirsə, niyə əsas günahkarlar yox, mən həbsdəyəm?".
Növbəti proses 31 mart saat 14:00-a təyin edilib.
Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.
Maliyyə Nazirliyi dələduzluq