Birləşmiş Millətlər Təşkilatında (BMT) beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də preventiv diplomatiya və vasitəçilik mexanizmlərinin gücləndirilməsi ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Qərargahında "BMT Nizamnaməsi 80 yaşında: Münaqişələrin qarşısının alınması və həllinin yenidən düşünülməsi" mövzusunda keçirilən yüksək səviyyəli müzakirədə çıxışı zamanı danışıb.
Çıxışında BMT-nin əsas məqsədinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması olduğunu xatırladan səfir qeyd edib ki, son 80 ildə əldə olunan müəyyən nailiyyətlərlə yanaşı, ciddi geriləmələr də müşahidə olunub:
"Beynəlxalq hüququ pozan tərəflər tez-tez ümumi qəbul olunmuş norma və prinsipləri yanlış şərh etməklə münaqişələrin həlli mexanizmlərindən hərbi qazancı möhkəmləndirmək, cəzasızlığı uzatmaq və sülhü gecikdirmək üçün istifadə edirlər. Bu baxımdan, dezinformasiya və yanlış şərhlərə qarşı əməkdaşlığın daha da gücləndirilməsi vacibdir".
Səfir mübahisələrin sülh yolu ilə həllinin əsas məqsədinin onların daha da kəskinləşməsinin qarşısını almaq olduğunu qeyd edərək bu prinsipin silahlı münaqişələrin nəticələrini dondurmaq üçün vasitəyə çevrilməsinin yolverilməz olduğunu bildirib. O əlavə edib ki, əks halda, güc tətbiqinin qadağan olunması və özünümüdafiə hüququ əhəmiyyətini itirər.
Səfir qeyd edib ki, selektiv yanaşmalar və ikili standartlar dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qəbuledilməzdir.
Çıxışda həmçinin qeyd olunub ki, vasitəçilik beynəlxalq mübahisələrin həllində qeyri-məcburi mexanizm olaraq könüllülük və tərəflərin razılığı prinsiplərinə əsaslanmalıdır və beynəlxalq təşkilatların öz mandatlarını icra etməsinə mane olmamalıdır.
T. Musayev münaqişədən çıxmış ölkələrlə daha güclü beynəlxalq həmrəyliyin vacibliyini xüsusi qeyd edərək dağıdılmış şəhərlərin bərpası, ətraf mühitin reabilitasiyası və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına dəstəyin sülhün davamlılığı üçün həlledici rol oynadığını bildirib.
Çıxışının sonunda T. Musayev Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirəcəyini, beynəlxalq və regional tərəfdaşlıq və əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu bəyan edib.

