2026-cı ildə Azərbaycanın bank sektorunda risk-əsaslı nəzarət yanaşmasının tətbiqi və tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək.
"Report" "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatlarına istinadən xəbər verir ki, 2024-2025-ci illər ərzində tənzimləyici qurum bankların risk iştahını məhdudlaşdırılmasına və kreditlərin verilməsi ilə bağlı tələblərin artırılmasına yönəlmiş tədbirlər kompleksi həyata keçirib.
"Bu tədbirlər son üç il ərzində "2024-2026-cı illər üzrə Maliyyə sektorunun inkişafı Strategiyası" kontekstində həyata keçirilib. Onlar risk-əsaslı nəzarətə keçidi, 2026-cı ildə beynəlxalq maliyyə hesabatı standartları (BMHS) 9-un tətbiqini, həmçinin son iki ildə korporativ idarəetmə standartlarının təkmilləşdirilməsini nəzərdə tutur. Hesab edirik ki, tənzimləyici hesabatlılıq məqsədləri üçün BMHS 9 standartlarına tam keçiddən sonra toplanmış ehtiyatlar ləğv edilməyəcək", - "S&P"nin hesabatında bildirilib.
Agentliyin proqnozlarına görə, əvvəlki dörd ildə müşahidə olunan 18 %-lik illik orta göstərici ilə müqayisədə, tənzimləyici tədbirlər səbəbindən kredit portfelinin artımı 2026-2027-ci illərdə 10-12 %-dək yavaşlayacaq (bu da 2025-ci ilin səviyyəsinə uyğundur).
"Bank sistemi miqyasında BMHS-ə əsasən 3-cü mərhələ kreditlərinin payının 2026-2027-ci illərdə 4,5-5 % təşkil edərək sabit qalacağı gözlənilir. Hesab edirik ki, Azərbaycanda normativ bazanın və maliyyə institutlarına nəzarətin modernləşdirilməsi üzrə təşəbbüslər sayəsində sahə üzrə risk səviyyəsi azalıb", - "S&P" vurğulayıb.
Agentliyin analitikləri hesab edirlər ki, Azərbaycan bankları 2016-cı il böhranından sonra sabit fondlaşdırma profilini qoruyub saxlayırlar, buna da depozit bazasının artması töhfə verib. Əmanətlərin dollarlaşma səviyyəsi tədricən regional analoqların göstəricilərinə qədər azalıb, lakin bu, hələ də kreditlərin dollarlaşmasını əhəmiyyətli dərəcədə üstələyir, bu da bankların xarici valyutada aktivləri və öhdəlikləri arasında valyuta disproporsiyaları yaradır.
"Sahə üzrə risk tendensiyalarının sabit qiymətləndirilməsi artıq son üç ildə sektorda tənzimləmə və nəzarətin gücləndirilməsini nəzərə alır, bu da riskləri minimuma endirməyə kömək etməlidir. Həmçinin bankların dayanıqlı fondlaşdırma profili və potensial yeni bazar iştirakçıları tərəfindən aşağı təhlükə şəraitində üç ən böyük bankın dominantlıq etdiyi sahənin sabit strukturu ilə bağlı gözləntilərimiz də nəzərə alınır", - "S&P" bildirib.
Analitiklər proqnozlaşdırırlar ki, Azərbaycan manatın ABŞ dollarına bağlılığını 1 dollar üçün 1,7 manat səviyyəsində saxlamağa davam edəcək və bunu müntəzəm valyuta intervensiyaları ilə təmin edəcək. Bununla belə, neft qiymətlərinin uzun müddət aşağı qalması dövründə hakimiyyət orqanları valyuta məzənnəsinin nəzarətli korreksiyası imkanını nəzərdən keçirə bilər. Sabit məzənnə inflyasiyanı saxlayır, lakin Mərkəzi Bankın (AMB) pul-kredit siyasətinin müstəqilliyini məhdudlaşdırır.
"Karbohidrogenlərin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi halında iqtisadi risk proqnozu "sabit"ə dəyişdirilə bilər, bu da iqtisadiyyata mənfi təsir göstərəcək, o cümlədən real artımı yavaşladacaq və biznesin, eləcə də əhalinin ödəniş qabiliyyətini zəiflədə bilər. Bundan əlavə, kreditləşmə templərinin kəskin sürətlənməsi və daşınmaz əmlak qiymətlərinin artımı iqtisadi disbalansların yaranması nəticəsində yüksək risklərə səbəb ola bilər", - "S&P" analitikləri vurğulayıblar.