Son günlər Azərbaycanın yerləşdiyi regionda İrana zərbələrlə bağlı yaranmış hərbi-siyasi gərginlik ölkəmizin turizm sektoruna birbaşa təsir etməyə başlayıb.
Bazarda ehtiyatlı davranış hallarının sayı artdığından və bir sıra səfərlər təxirə salındığından həm getmə, həm də gəlmə turizm üzrə rezervasiyalarda azalma müşahidə olunur. Xüsusilə xarici turistlərdən asılı hotellərdə doluluq səviyyəsi aşağı düşməkdədir.
"Report" yaranmış vəziyyəti bazar iştirakçıları ilə müzakirə edib.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, son illər Azərbaycan vətəndaşları üçün populyar istiqamətə çevrilmiş Dubay və ümumilikdə Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı yayılan xəbərlər bazarda müəyyən narahatlıq formalaşdırıb: "Bu səbəbdən qarşıdan gələn Novruz bayramı günlərində Dubaya səfər edənlərin sayında kəskin azalmanın olacağını düşünürəm. Hazırda konkret rəqəmlər demək çətindir, daha dəqiq mənzərə yaxın günlərdə aydın olacaq, lakin azalma gözlənilir".
Bundan başqa, onun sözlərinə görə, İranla qonşuluq bir sıra xarici ölkələrdən Azərbaycana turist axınına mənfi təsir edə bilər: "Xarici vətəndaşlar xəritəyə baxaraq regionda risk olduğunu düşünə bilərlər. Hələlik hotellərdə kəskin dəyişiklik müşahidə etmirəm. Bu günə olan vəziyyət stabildir, amma yaxın günlərdə mənzərə dəyişə bilər. İrandakı hərbi-siyasi hadisələr regionda təhlükəsizlik qavrayışını və hava nəqliyyatını həssas mərhələyə gətirib. Körfəz ölkələrində uçuşların məhdudlaşdırılması və marşrut dəyişiklikləri qlobal səfər planlamasına təsir göstərir ki, bu da region ölkələrinə, o cümlədən Azərbaycana dolayı təsir yaradır".
Ekspert bildirib ki, hazırkı mərhələdə hotellərdə kütləvi və sistemli rezervasiya ləğvləri qeydə alınmır: "Daha çox ayrı-ayrı hallarda tarix dəyişiklikləri və ya "gözləmə mövqeyi" seçimi müşahidə olunur. Turistlər səfərləri tam ləğv etməkdənsə, vəziyyətin inkişafını izləyərək onları təxirə salmağa üstünlük verirlər. Bu isə bazarda panika deyil, daha çox ehtiyatlı davranış modellərinin formalaşdığını göstərir. Azərbaycan daxilində təhlükəsizlik və ictimai sabitlik təmin olunduğu üçün turizm sektoru fəaliyyətini normal rejimdə davam etdirir. Qısamüddətli dalğalanmalar mümkündür, lakin indiki mərhələdə genişmiqyaslı rezervasiya itkisi qeydə alınmayıb. Sektor vəziyyəti operativ şəkildə izləyir, avia tərəfdaşlarla koordinasiyanı gücləndirir, alternativ marşrutlar və çevik rezervasiya şərtləri tətbiq edir".
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə bildirir ki, bundan əvvəl baş vermiş İran–İsrail qarşıdurmasında olduğu kimi, hazırkı hadisələr də rezervasiyaların demək olar ki, dayanmasına səbəb olub. Onun sözlərinə görə, İran və İsrailin hava məkanının bağlanması birbaşa turist axınına təsir göstərir: "Hazırda hər iki ölkədən Azərbaycana gələn turistlərin, eləcə də körfəz ölkələrindən gələn qonaqların rezervasiyaları dayanmış vəziyyətdədir. Regionda artan gərginlik səbəbindən bəzi ölkələr bu istiqamətdə səfər etməkdən müvəqqəti çəkinə bilərlər".
C.Aşurov qeyd edib ki, turizm sektoru təhlükəsizlik amilinə qarşı olduqca həssasdır: "İnsanlar təhlükə riski hiss etdikləri anda ilk növbədə səfərlərini dayandırırlar. Hadisə birbaşa həmin ölkədə və yaxud yaxın regionda baş versə də, bu, uçuşlara və turist axınına ciddi təsir göstərir. Xüsusilə paytaxtda xarici turistlərdən asılı olan hotellərdə son günlər boşluq artıq hiss olunur. Rezervasiyalar kəskin şəkildə azalıb və doluluq səviyyəsi minimum həddə enib".
Turizm eksperti Rəhman Quliyev də qeyd edir ki, artan geosiyasi gərginlik hava məkanında çoxsaylı məhdudiyyətlərə və bəzi uçuşların ləğvinə səbəb olub: "Bu isə həm İran daxilində, həm də region üzrə səfərləri sual altına salaraq sərnişin axınında ciddi azalmaya gətirib çıxarır. Region ölkələrinin hava limanlarında baş verən kütləvi ləğvlər Azərbaycanla nüfuzlu turizm mərkəzləri arasında əlaqələrə də dolayı təsir göstərir".
Onun sözlərinə görə, qeyri-sabitlik səbəbindən regionda hotellər və turizm şirkətləri rezervasiya ləğvlərinin artması ilə üzləşib: "Bu tendensiya təkcə İrana deyil, qonşu ölkələrə yayılan təhlükəsizlik riskləri ilə də bağlıdır. Nəticədə hotellərdə doluluq səviyyəsi və əvvəlcədən verilən sifarişlər zəifləyir, çünki turistlər daha təhlükəsiz hesab edilən istiqamətlərə üstünlük verirlər. İrandakı gərginliyin təsiri çoxdan formalaşmağa başlayıb və bu ilin yaz-yay mövsümündə daha qabarıq hiss olunacağı gözlənilir. Hazırkı regional vəziyyət İran və onunla qonşu ölkələrə səfərlərlə bağlı ciddi xəbərdarlıqlar, uçuşların ləğvi, marşrut dəyişiklikləri ilə müşayiət olunur. Azərbaycan üzrə ümumi turizm göstəriciləri hələlik artan tendensiya nümayiş etdirsə də, mövcud risklər və məhdudiyyətlər fonunda müəyyən rezervasiya ləğvləri və səfərlərin təxirə salınması artıq müşahidə olunur və bu, sektorda narahatlıq yaradır".
Xatırladaq ki, Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Azərbaycan Hava Yolları" QSC Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətlərində uçuşları dayandırıb. Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və yaxud dəyişdirə bilərlər.