IMG-LOGO

Azərbaycanda nağdsız ödənişlər il ərzində 11 %-dən çox artıb

28 Feb 2026 16:52 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2025-ci ilin eyni ayı ilə müqayisədə 11,4 % artaraq 7 milyard 687 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6,6 milyard manatı (85,9 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 085 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 70,6 %-ni təşkil edib.

Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 156 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 13,3 % artaraq 20,082 milyon, kredit kartlarının sayı isə 7,6 % azalaraq 2,074 milyon olub. yanvarda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,573 milyard manat (illik müqayisədə 11,1 % çox) və 647 milyon manat (23 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 7,7 %, POS-terminalların sayı isə 50,6 % artaraq müvafiq olaraq 3 584 ədəd (Bakı üzrə 1 932 ədəd) və 183 497 ədəd (Bakı üzrə 114 646 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Xəbər lenti