Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 95,313 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 16,2 % artaraq 21,098 milyon manata çatıb.
Beləliklə, yanvarda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 22,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 17,8 manat olub.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.