Dövlət Turizm Agentliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Qafqaz Albaniyası marşrutu hazırlayıb.
"Report" xəbər verir ki, bunu Agentliyin sədr müavini Azadə Hüseynova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, marşrut Qafqaz Albaniyasına aid məbədlərin olduğunu istiqamətləri əhatə edir.
Bundan başqa, turizm rəsmisi deyib ki, Agentlik süni intellektin imkanlarından yararlanmağa çalışır, hədəf bazarlarda rəqəmsal marketinq işləri aparır: "Bu gün artıq rəqəmsal dövrdür. Bu cür alətlərdən istifadə eləməklə ölkənin hədəf bazarlarda təqdimatı aparılacaq".
A.Hüseynova həmçinin deyib ki, Qax rayonunun Ləkit, Sarıbaş və İlisu kəndləri ilə bağlı "Turistik kənd" layihəsi icra olunur: "Bu ildən orada infrastruktur işlərinə başlanılıb. Bundan əvvəl layihə Şahdağın yanında - Qusar rayonunun Ləzə kəndində həyata keçirilir. Növbəti işimiz Qaxdadır. Artıq həmin kəndlərdə infrastruktur işlərinə başlanılıb, aidiyyəti qurumlara müraciət olunub ki, kəndlərə yol çəkilsin".