IMG-LOGO

Fuad Nağıyev: "Post-pandemiya dövründə turizm sektoru hər il 25 % böyüyüb"

27 Feb 2026 15:45 2 baxış
IMG

Azərbaycanda 2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri hər il orta hesabla 24,5 % artaraq 3,6 milyard manata çatıb.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

"Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23,2% çoxdur", - deyə o qeyd edib.

Sədr deyib ki, ilkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6,9 milyard manat olub: "Nəticədə, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3 %-ə yüksəlib.Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib.Post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və içtimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb. Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1,5 %-dən 4,6 %-ə yüksəlib".

Onun sözlərinə görə, ötən 5 ildə cəmi turist xərcləmələri 7,7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39 % çoxdur: "Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74 % artıb. Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9,6 % çoxdur. Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb".

"2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % artım var. Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir".

Xəbər lenti