IMG-LOGO

Azərbaycanda Turizm İnkişaf Fondu yaradıla bilər

27 Feb 2026 15:47 2 baxış
IMG

Azərbaycanda Turizm İnkişaf Fondunun yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşır: "Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir".

"Eləcə də Turizm İnvestisiya Təşviqi Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə tutulur. Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən ölçüləbilən artımı təmin edəcək. Eləcə də turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək", - deyə sədr əlavə edib.

O xatırladıb ki, Dövlət Turizm Agentliyi bu prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı" hazırlayıb: "Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir. Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb. Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir".

"Əlbəttə, turizm ölkədə digər əlaqəli sahələrin də inkişafına öz töhfəsini verdiyi üçün kompleks yanaşma tələb edir. Bu baxımdan fəaliyyətin əlaqədar qurumlarla birgə təşkili əsasında icrası planlaşdırılır. Turizmin inkişafına verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edərək bildirim ki, sürətlə dəyişən dünyada yeni çağırışlar fonunda müəyyən hüquqi normativ aktlarda dəyişiklik edilməsi zərurəti yaranıb. İnanırıq ki, birgə səylərlə yaxın dövrlərdə turizmin daha da inkişafının şahidi olacayıq", - deyə F.Nağıyev vurğulayıb.

Xəbər lenti