İspaniya məhkəməsi iş vaxtı spirtli içki qəbul etdiyi üçün işdən çıxarılan əməkdaşa 55 min dollar məbləğində kompensasiya ödənilməsinə qərar verib. Məhkəmə onun işdən çıxarılmasını həddindən artıq hesab edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, iş materiallarına əsasən, elektrik-quraşdırma şirkətində çalışan əməkdaş qəribə davranışlarına görə rəhbərliyin diqqətini cəlb edib. Bundan sonra işəgötürən onu izləmək üçün özəl detektiv tutub. Detektiv əməkdaşın barlarda və avtomobil dayanacaqlarında spirtli içki qəbul etməsini qeydə alıb. Hesabatda qeyd olunur ki, epizodlardan birində kişi nahar fasiləsi zamanı təxminən üç litr pivə içib.
Şirkət bu davranışı ciddi intizam pozuntusu kimi qiymətləndirib. Xüsusilə də əməkdaşın xidməti avtomobili idarə etdiyini nəzərə alaraq, onun işdən çıxarılması barədə qərar qəbul olunub. Lakin əməkdaş məhkəməyə müraciət edərək əmək müqaviləsinin ləğvini qanunsuz hesab etdiyini bildirib.
Məhkəmə işdən çıxarılmanı ədalətsiz sayıb və cəzanın törədilən hərəkətlərə uyğun olmadığını vurğulayıb. İşəgötürənə ya əməkdaşı əvvəlki vəzifəsinə bərpa etmək, ya da 55 min dollar kompensasiya ödəmək təklif olunub.
Qərar qəbul edilərkən bir neçə məqam nəzərə alınıb. Belə ki, nahar fasiləsi rəsmi olaraq iş vaxtı hesab olunmur, buna görə də həmin müddətdə spirtli içki qəbulu avtomatik olaraq xidməti pozuntu kimi qiymətləndirilə bilməz.
Bundan əlavə, şirkət əməkdaşın hərəkətlərinin iş keyfiyyətinə təsir etdiyini və ya təhlükəsizlik riski yaratdığını sübut edə bilməyib. Məhkəmə ayrıca qeyd edib ki, İspaniya əmək qanunvericiliyi sərxoşluğa görə işdən çıxarılmanı yalnız sübut olunmuş sistematik asılılıq halında mümkün sayır. Detektiv tərəfindən qeydə alınan hallar isə tək-tək epizodlar kimi qiymətləndirilib və bu da əməkdaşın xeyrinə əsas kimi qəbul olunub.
işdən qovulmaq əmək məcəlləsi içki içmək