IMG-LOGO

Xocalı həqiqətləri Vaşinqtonda - FOTOLAR

24 Feb 2026 23:39 3 baxış
IMG

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

LED ekranlarla təchiz olunmuş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra mühüm dövlət binalarının qarşısından keçiblər. Marşrut ABŞ Konqresinin binası (Kapitol binası), Ağ ev (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Pentaqon (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektləri əhatə edib.

Aksiyanın əsas məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qurbanların xatirəsini anmaq və ədalət çağırışını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Məlumatlandırma aksiyası gün ərzində davam edəcək.

LED ekranlarda "Xatırla, hörmət et, düşün -XOCALI 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "XOCALI 1992 faciəsi - dünya bunu unutmamalıdır", "XOCALI - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "XOCALI soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "XOCALI üçün ədalət", "Faciədən xatirəyə- XOCALI yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da XOCALI danışır" şüarlar nümayiş etdirilib.

Aksiya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsinə ehtiram göstərməyə və ədalətin təmin olunmasına dəstək verməyə çağırılıb.

Xəbər lenti