Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman qətiyyətlə dəstəkləyirlər.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Boçorişvilinin sözlərinə görə, bəzilərinin Gürcüstanın mövqeyini başqa cür təqdim etmək və onun maraqlarına zərər vurmaq cəhdlərinə baxmayaraq, Tbilisi Ukraynanı dəstəkləməyə davam edir: "Bu məsələdə öz fikrimizi bildirmək üçün heç vaxt maneəmiz olmayıb. Bu səsin nə dərəcədə eşidilməsi isə başqa məsələdir. Dörd ildən sonra biz yüksək səslə bəyan edə bilərik ki, Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir".
Nazir qeyd edib ki, Gürcüstanın mövqeyi dəyişməz olaraq qalır və beynəlxalq ictimaiyyət ölkənin Ukraynaya dəstək istiqamətindəki səylərini nəzərə almalıdır.