Xocalı soyqırımı beynəlxalq hüquq baxımından soyqırımı cinayətinin bütün əlamətlərini özündə ehtiva edən ağır cinayətdir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsidir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğın, işgəncələr, girov götürmələr və insan ləyaqətini alçaldan qeyri-insani rəftar beynəlxalq cinayət hüququ baxımından soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri kateqoriyasına daxildir. Bu faciənin hüquq müstəvisində araşdırılması və obyektiv qiymətləndirilməsi yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Çünki soyqırımı cinayəti milli sərhədlərlə məhdudlaşmayan, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir".
Deputat xatırladıb ki, soyqırımı anlayışı beynəlxalq hüquqda ilk dəfə İkinci Dünya müharibəsindən sonra, nasist Almaniyasının törətdiyi Holokost cinayətlərinə hüquqi qiymət verilməsi zərurətindən yaranıb:
"Bu anlayışın hüquqi tərifi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyada öz əksini tapıb. Həmin Konvensiyaya əsasən, soyqırımı aşağıdakı əməllərdən hər hansı birinin milli, etnik, irqi və ya dini qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi, bir qrupun üzvlərinin qətlə yetirilməsi, qrup üzvlərinə ciddi bədən xəsarətləri və ya əqli zərər yetirilməsi, qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin qəsdən yaradılması, uşaq doğumunun qarşısının alınmasına yönəlmiş tədbirlərin görülməsi və uşaqların zorakılıqla bir qrupdan digərinə verilməsi kimi müəyyən edilir".
Ş.Seyidzadə qeyd edib ki, bu hüquqi meyarlar Xocalıda törədilmiş cinayətlərin mahiyyətinə tam şəkildə uyğun gəlir və faciənin soyqırımı kimi tanınması üçün bütün hüquqi əsasların mövcudluğunu isbatlayır:
"Azərbaycanda aparılmış rəsmi istintaq və toplanmış faktlar göstərir ki, Xocalı şəhərində törədilmiş cinayətlər beynəlxalq hüququn soyqırımı ilə bağlı bütün əsas elementlərini özündə ehtiva edir. Bu cinayətlərin hüquqi təhlili zamanı aşağıdakı komponentlər xüsusi əhəmiyyət kəsb edir. Xocalıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, fiziki və mənəvi işgəncələrə məruz qalması, əsir və girov götürülməsi soyqırımı cinayətinin obyektiv tərəfini təşkil edir. Qadınların, uşaqların və qocaların məqsədli şəkildə öldürülməsi, hamilə qadınlara qarşı törədilmiş vəhşiliklər, insanların diri-diri yandırılması və digər faktlar bu əməllərin sistemli və planlı xarakter daşıdığını təsdiqləyir. Xocalı şəhərinin əhalisi azərbaycanlılardan ibarət olub. Hücum zamanı hədəf seçilən şəxslər hərbi qulluqçular deyil, məhz mülki azərbaycanlı əhali idi. Bu fakt cinayətin konkret etnik qrupa qarşı yönəldiyini sübut edir".
O vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı ən ciddi problemlərdən biri bu cinayətə görə məsuliyyət daşıyan şəxslərin uzun illər ərzində cəzasız qalmalarıdır:
"Bu baxımdan, Xocalı soyqırımının hüquq müstəvisində tanınması və günahkarların məsuliyyətə cəlb edilmələri beynəlxalq ədalətin bərpası üçün zəruridir. Ümummilli Lider Heydər Əliyev bu məsələyə toxunaraq qeyd etmişdi ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmədən ədalətdən danışmaq mümkün deyil. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Xocalıya ədalət!" beynəlxalq hüquqa və tarixi həqiqətə əsaslanan tam haqlı tələbdir. Azərbaycan bu ədaləti döyüş meydanında təmin etsə də, hüquqi və siyasi müstəvidə mübarizəsini ardıcıl şəkildə davam etdirir".

