Ermənistanın hakim "Mülki müqavilə" partiyası 2026-cı il iyunun 7-nə planlaşdırılan parlament seçkilərinin yekunlarına əsasən parlamentdə konstitusion çoxluq əldə etmək niyyətindədir.
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin sədr müavini Ruben Rubinyan bildirib.
"Biz 2026-cı il seçkilərinin yekunlarına əsasən konstitusion çoxluq əldə etməyə çalışırıq. Həmçinin güman edirik ki, Robert Köçəryan (keçmiş prezident - red.) və iki oliqarx (Qaqik Tsarukyan və Samvel Karapetyan - red.), ümumiyyətlə, bütün oliqarxlar siyasi sahədən, parlamentdən kənarlaşdırılmalıdır", - o deyib.
Onun sözlərinə görə, Tsarukyan öz partiyası vasitəsilə siyasətə təsir etmək istəyən biznesmendir, Karapetyan isə partiya yaradan və Ermənistandakı siyasi vəziyyətə təsir etməyə çalışan rusiyalı biznesmendir.
"Mən digər qüvvələrin (parlamentdə - red.) səs toplamasına qarşı deyiləm, lakin Köçəryan və iki oliqarxın səs toplamasını istəmirəm", - o bildirib.
Rubinyanın sözlərinə görə, "Mülki müqavilə"nin reytinqi Ermənistandakı hər hansı müxalif qüvvənin reytinqindən bir neçə dəfə yüksəkdir.