IMG-LOGO

Vəli Qasımov: "Nyukasl" - "Qarabağ" matçında böyük hesabın qeydə alınacağına inanmıram"

24 Feb 2026 15:53 2 baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində İngiltərədə baş tutacaq "Nyukasl" - "Qarabağ" matçında böyük hesab qeydə alınmayacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

O, Ağdam təmsilçisinin bu görüşə daha rahat çıxacağını söyləyib:

"Böyük hesabın olacağına inanmıram. "Qarabağ" mərhələ adlamaq şansını böyük ölçüdə itirib. Ona görə də komanda bu oyuna daha rahat çıxacaq. "Nyukasl" məsələni ilk matçda həll etdiyi üçün o qədər də güc sərf etməyəcək. İngiltərə təmsilçisi üçün formal bir matç olacaq".

Mütəxəssis "Qarabağ"ın Bakıdakı 1:6 hesablı məğlubiyyətini təsadüf adlandırıb:

"Həmin qarşılaşma "Qarabağ"ın ən pis, "Nyukasl"ın isə bəlkə də ən yaxşı oyunu idi. Rəqib o qədər çox fərqlənən komanda deyil. Amma "Qarabağ"da heç nə alınmadığı halda, onların hər imkanı qolla nəticələndi. Nəticədə 6 qol vurdular".

Veteran futbolçu "Qarabağ"ın səfərdən heç-heçə ilə dönə biləcəyinə inandığını qeyd edib:

"Səfərdə heç-heçə etmək olar. "Qarabağ" illərdir öz oyunu ilə nəticə qazana bildiyini sübut edib. Şanslar böyük ölçüdə itirildiyi üçün futbolçular təzyiqsiz oynayacaqlar və meydanda "Nyukasl"ın böyük üstünlüyə malik olacağını gözləmirəm. İngiltərədə oynamaq çətindir, azarkeşlər çox çılğındır. Buna baxmayaraq, "Qarabağ" yaxşı oyun göstərməyi bacarır. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub.

Xəbər lenti