IMG-LOGO

Xocalı soyqırımı əsrlərlə unudulmayacaq faciədir - RƏY

24 Feb 2026 14:24 2 baxış
IMG

Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində əbədi yaşayan, əsrlərlə unudulmayacaq faciədir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı bəşəriyyət tarixinin ən qəddar səhifələrindəndir:

"613 dinc sakin - qadınlar, uşaqlar, yaşlılar qətlə yetirildi, yüzlərlə insan yaralandı, əsir götürüldü, yüzlərlə ailənin taleyi qaranlıq qaldı. Bu qanlı faciə yalnız bir xalqın yox, bütün insanlığın vicdanına meydan oxuyan cinayətdir. Amma tarix yalnız qan və qəm-qüssə ilə yazılmır. Tarix həm də xalqın qətiyyəti, dözümü və ədalətə olan inamı ilə davam edir. Xocalı soyqırımının qisası yalnız döyüş meydanında alınmadı, bu ədalət tələbi həm də quruculuqla, yurdlarımıza qayıdışla əzizlərinin xatirəsini yaşatmaqdadır. Bu gün Xocalı yenidən doğulur".

Deputat bildirib ki, Xocalıda görülən işlər, mərhələli şəkildə həyata keçirilən "Böyük Qayıdış" proqramı Azərbaycanın dövlət siyasətinin reallığa çevrilmiş ən parlaq nümunələrindəndir:

"2024-cü il mayın 28-dən Xocalıya mərhələli köç prosesi başlayıb. İnsanların 30 illik məcburi köçkünlük həyatından sonra doğma yurdlarına qayıdışı milli ruhun yenidən canlanmasıdır. Bu gün Xocalı şəhərində çoxmənzilli binaların təmir və bərpası nəticəsində yüzlərlə ailə üçün yeni yaşayış məkanları yaradılıb, infrastrukturlar bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq prosesləri insanların doğma torpaqlarına geri dönməsinə şərait yaradır. Dövlət başçısının Xocalı şəhərində dövlət bayrağını ucaltması, soyqırımı memorialının təməlini qoyması tarixi ədalətin simvoluna çevrilib".

E.Akimova vurğulayıb ki, Xocalı həm də dirçəlişin, qayıdışın, ümidin ünvanıdır:

"Xocalıda artıq çoxsaylı ailələr yaşayır, kənd həyatının ritmi hiss olunur və bu da gələcəyə doğru inamı artırır. Bu proses təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də sosial infrastrukturun - məktəblər, tibb mərkəzləri, uşaq bağçaları və digər sosial obyektlərin yenidən qurulması ilə müşayiət olunur. Xocalı şəhərində orta məktəb və uşaq bağçasının yenidən təmir edilərək istifadəyə verilməsi dirçəlişin mühüm mərhələlərindəndir. Yenidənqurma yalnız evlərin tikintisi deyil, insanların həyatına əvvəlki rahatlığı qaytarmaq, davamlı həyat şəraiti yaratmaq, sosial əmək bazarını canlandırmaq, mədəni həyat və təhsil imkanları ilə təmin etmək deməkdir. Bugünkü Xocalıda gələcək inşa olunur".

Milli Məclisin üzvü qeyd edib ki, Xocalı faciəsi nə qədər dərin izlər buraxsa da, insanların dirçəliş azadlığı uğrunda mübarizə ruhunun nə qədər möhkəm olduğunu da göstərir:

"Xocalı indi qan yaddaşı ilə yanaşı, ümid və gələcəyə baxışın məkanıdır. Xocalıya qayıdış yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli ruhun yaşayışa çevrilməsidir. Bu torpaqlarda həyat yenidən boy atır. Atılan hər addım, tikilən hər ev, açılan hər məktəb bu xalqın öz köklərinə, öz ümidi və hörmətinə dönmək arzusunun əyani ifadəsidir".

Xəbər lenti