İran və Ermənistanın müdafiə nazirləri Əziz Nəsirzadə və Suren Papikyan Tehranda görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
"Report" İran KİV-ə istinadən xəbər verir ki, Nəsirzadə erməni həmkarı ilə danışıqlarda İran-Ermənistan münasibətlərinin dinamik inkişaf etdiyini bildirib və bütün istiqamətlərdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu deyib.
İranlı nazir həmçinin regiondakı geosiyasi vəziyyət, sərhəd və təhlükəsizliyə dair məsələlərlə bağlı fikir mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Öz növbəsində, Papikyan Ermənistanın bütün sahələrdə, xüsusilə müdafiə sahəsində İranla münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib.
"Bu görüş iki ölkənin müdafiə və hərbi əlaqələri möhkəmləndirmək, habelə regional sülh və təhlükəsizliyi təmin etmək əzmini təsdiqləyir", - o vurğulayıb.