Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ilə bağlı müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə bütün regional məsələlərə və ikitərəfli münasibətlərə toxunmaq imkanı yarandı:
"Biz həm Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı, həm də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını ətraflı müzakirə etdik. Bütün işlərin və sülh danışıqlarının müsbət məcrada davam etdiyini bir daha öyrəndik. Bundan da son dərəcə məmnun olduq".
F.Oktay Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin son dərəcə möhkəm və gələcəyə yönəlik daha böyük potensialın mövcud olduğunu da vurğulayıb.