Fransanın Gürcüstandakı səfiri Olivier Courtois bildirib ki, Avropa üçün Gürcüstanla bağlı alternativ "B planı" mövcud deyil və Avropa bu ölkəni öz təhlükəsizlik sisteminə daha sıx bağlamağa çalışır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, diplomatın sözlərinə görə, hazırda Avropa Ukraynaya həm maliyyə, həm də hərbi baxımdan əsas dəstək verən qüvvədir və bu yardım davam etdirilməli, hətta genişləndirilməlidir.
O qeyd edib ki, "Könüllülər Koalisiyası" çərçivəsində Avropanın və Gürcüstanın gələcək təhlükəsizliyi üçün mühüm mexanizmlər formalaşdırılır.
Rusiyaya qarşı sanksiyalar məsələsinə toxunan səfir qeyd edib ki, bu, kollektiv səydir və Gürcüstan da bu prosesin bir hissəsidir. O bildirib ki, sanksiyalardan yayınma hallarının qarşısının alınması üçün Gürcüstan hökuməti ilə birlikdə işləyirlər və əgər boşluqlar mövcuddursa, onlar birgə əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır.
"Rusiya Ukrayna, Moldova və Gürcüstanda cilovlanmalıdır. Gürcüstan ərazisinin 20 faizi işğal altındadır və Rusiya ilə hər hansı kompromisin qiymətini ən yaxşı Gürcüstan anlayır", - diplomat bildirib.
O əlavə edib ki, sanksiyaların effektivliyi yalnız sistemli və uzunmüddətli yanaşma ilə mümkündür. Artıq Rusiyanın neft gəlirlərində azalma müşahidə olunur və bu, müharibə maşınının zəiflədilməsi baxımından mühüm amildir.
Qərbdə Gürcüstanın Rusiyaya kömək etməsi ilə bağlı şübhələrin olub-olmaması sualına cavab olaraq səfir bildirib ki, bu məsələdə emosiyalara deyil, faktlara əsaslanmaq lazımdır. O vurğulayıb ki, Gürcüstan sanksiyalardan yayınmanın qarşısını almaq üçün Qərb ölkələri ilə əməkdaşlıq edir və bu əməkdaşlıq davam etdiriləcək.