IMG-LOGO

Siyasət Əsgərov: "Şimali Makedoniya və Macarıstanla matçlarda maksimum nəticə qazanmaq istəyirik"

23 Feb 2026 17:37 2 baxış
IMG

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya və Macarıstanla keçirəcəyi matçlarda maksimum nəticə qazanmağa çalışacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis rəqibləri təhlil etdiklərini vurğulayıb:

"Fevralın 24-də təlim-məşq toplanışına start verəcəyik. Seçmə mərhələdəki rəqiblərimizin heyətində keyfiyyətli futbolçular var. Martın 3-də evdə Şimali Makedoniya ilə qarşılaşacağıq. Rəqibi təhlil etmişik, güclü və zəif tərəflərini bilirik. Bu barədə futbolçuları məlumatlandırıb, uyğun məşq prosesi təyin edəcəyik. İlk oyunlar həmişə çətin keçir, amma evdə oynadığımız üçün maksimum nəticə qazanmağa çalışacağıq. Martın 7-də isə Macarıstanla çətin səfər oyunumuz var. Rəqib A Liqasından bizim yer aldığımız C Liqasına qədər geriləyib. Çox keyfiyyətli oyunçulara və təcrübəyə malik komandadır. Buna baxmayaraq, meydanda maksimum gücümüzü qoyacağıq. Hazırda əsas diqqətimiz martın 3-də keçiriləcək ev oyununa yönəlib".

O, bəzi oyunçuların zədə səbəbindən düşərgəyə qatıla bilmədiyini söyləyib:

"Heyətə dəvət olunan qızların çoxunun öz klublarında oyun praktikasına malik olması və ilk "11-lik"də yer alması bizi sevindirir. Bəzi futbolçular zədə səbəbindən toplanışa qoşula bilməyəcəklər. Düşünürəm ki, dəvət etdiyimiz futbolçular onların yerini dolduracaqlar".

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsində Azərbaycan millisi yer aldığı C Liqasının III qrupunda Macarıstan, Şimali Makedoniya və Andorra komandaları ilə mübarizə aparacaq.

Xəbər lenti