Fintex sektorunda kadr potensialının gücləndirilməsi yeni rəqəmsal məhsul və xidmətlərin yaradılmasını sürətləndirəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov Azərbaycan Texniki Universitetində "FinTech" laboratoriyasının ("FinTech Lab") açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs sözügedən istiqamətin inkişafına ciddi təkan verəcək: "Bundan əlavə, sektorun inkişafı ilə bağlı Azərbaycan Mərkəzi Bankının bir sıra tədbirləri əhatə edən strategiyası mövcuddur. Bu çərçivədə ödəniş sistemlərinin inkişafı, QR sisteminin təkmilləşdirilməsi bizə mühüm dəstək göstərəcək".
V.Xəlilov qeyd edib ki, rəqəmsallaşma prosesində əsas çağırışlardan biri məhz kadr potensialının formalaşdırılmasıdır.
O vurğulayıb ki, rəqəmsal maliyyə artıq ölkə iqtisadiyyatının inkişafını sürətləndirən əsas alətlərdən birinə çevrilib.
Onun sözlərinə görə, son 10 ildə Dünya Bankı və Beynəlxalq Hesablaşmalar Bankının hesabatları da göstərir ki, rəqəmsal maliyyə maliyyə əlçatanlığının artırılması və iqtisadi artımın stimullaşdırılması baxımından əsas mexanizmə çevrilib: "Yəni rəqəmsal maliyyə artıq sadəcə dəstəkləyici funksiya deyil".
V.Xəlilov həmçinin xatırladıb ki, fevralın 11-də Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirədə də rəqəmsallaşdırma və süni intellektin inkişafının ölkənin strateji prioritetləri sırasında olduğu vurğulanıb: "Son 8 ildə maliyyə sektorunda rəqəmsallaşma səviyyəsinə baxsaq, şübhəsiz ki, bu sahə ölkədə ən çox rəqəmsallaşmış sektordur".