IMG-LOGO

Azərbaycanın turizm bələdçiləri xarici qonaqların dilində danışa bilirmi? - ARAŞDIRMA

23 Feb 2026 11:31 4 baxış
IMG

Azərbaycanda turizm sektorunun inkişafı, ölkəmizin bu sahədə rəqabət qabiliyyətinin artması üçün zəngin təbiət, tarixi abidələr və mədəni irs böyük rol oynasa da, ölkəyə turist cəlb etmək üçün başqa amillərin də mühüm rolu var.

Bunlardan biri xarici qonaqların Azərbaycanda özünü rahat hiss etməsi, ünsiyyət probleminin olmamasıdır. Elə qlobal turizm bazarında da üstünlük yüksək kommunikasiya keyfiyyəti və mədəni həssaslıq üzərində qurulur. Bu kontekstdə turizm bələdçilərinin dil kompetensiyası məsələsi operativ ehtiyac çərçivəsindən çıxaraq strateji planlaşdırma müstəvisinə keçib.

Xüsusilə prioritet elan edilən bazarlarda uyğun insan kapitalı formalaşdırılması sektorun davamlı artımı, rəqabət qabiliyyəti baxımından həlledici amilə çevrilir. Əks halda, marketinq siyasəti ilə real xidmət imkanları arasında uyğunsuzluq yarana bilər. "Report" mövzu ilə bağlı araşdırma aparıb və ekspertlərin mövqelərini öyrənib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda turizm bələdçilərinin dil kompetensiyası məsələsi artıq operativ deyil, strateji planlaşdırma predmetidir: "Bu kontekstdə hansı dillər üzrə daha çox ehtiyac olması turist axınının strukturu və hədəf bazar strategiyası ilə birbaşa bağlıdır. Hazırda birinci və ən prioritet istiqamət ərəb dilidir. Son illər Yaxın Şərq ölkələri – xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt - Azərbaycan üçün yüksək artım göstərən bazarlardır. Bu ölkələrdən turistlər adətən ailəvi səyahət edir, regionlara üz tutur və orta-yüksək xərcləmə səviyyəsinə malikdir. Beynəlxalq tədqiqatlar göstərir ki, turistin ana dilində informasiya alması onun məmnunluq indeksini və əlavə xərcləmə ehtimalını artırır. Ərəb dilli bələdçilərin çatışmazlığı isə xidmətin dərinliyini məhdudlaşdıra və təcrübəni səthi səviyyədə saxlaya bilər".

Onun sözlərinə görə, ikinci strateji istiqamət çin dilidir: "Çin uzun illər qlobal turizmdə ən çox xərcləyən ölkə olub və pandemiyadan sonra outbound turizm mərhələli şəkildə bərpa olunur. Çinli turistlər üçün dil faktoru xüsusilə həssasdır, çünki onların əhəmiyyətli hissəsi ingilis dilində sərbəst deyil. Bu bazar üzrə hazır kadr ehtiyatının zəif olması gələcəkdə potensial axının reallaşmasını çətinləşdirə bilər. Başqa sözlə, dil baryeri bazar genişlənməsinin struktur maneəsinə çevrilə bilər".

Ekspert hesab edir ki, ingilis dili baza standart olaraq qalır və universal kommunikasiya alətidir: "Lakin təkcə ingilis dilini bilmək kifayət etmir; yüksək səviyyəli peşəkar terminologiya və təqdimat bacarığı tələb olunur. Alman və fransız dilləri isə Avropa mədəni turizm seqmenti üçün aktualdır və bu bazarlar adətən tarix, arxeologiya və autentik təcrübəyə fokuslanır. İspan dili ayrıca qeyd olunmalıdır. Qlobal miqyasda ispan dili ən geniş yayılmış dillərdən biridir və Latın Amerikası ilə birlikdə böyük potensialı əhatə edir. Hazırda Azərbaycan üçün kütləvi bazar olmasa da, bazar diversifikasiyası baxımından uzunmüddətli perspektivdə əhəmiyyətlidir. Xüsusilə premium və mədəni turizm seqmentində ispan dilli peşəkar bələdçilərin mövcudluğu ölkənin imicinə müsbət təsir göstərə bilər".

S.Dübəndi hesab edir ki, rus dili Azərbaycan turizmi üçün hələ də sistem əhəmiyyətli dildir və bu dili ayrıca strateji kateqoriyada qiymətləndirmək lazımdır: "Birincisi, postsovet məkanı Azərbaycan üçün ənənəvi və sabit bazardır. Rusiya, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrindən gələn turistlər uzun illərdir ümumi turist axınının mühüm hissəsini təşkil edir. Bu turistlərin əhəmiyyətli hissəsi rus dilində ünsiyyət qurur və xidmət gözləntisi də bu dil üzərində formalaşıb. Nəticə etibarilə, rus dili turizm sektorunda hələ də mühüm rol oynayır və qısamüddətli perspektivdə aktuallığını qoruyacaq".

Onun fikrincə, məsələ yalnız statistik ehtiyac deyil, strateji uyğunlaşmadır: "Əgər dövlət müəyyən bazarları prioritet elan edirsə, həmin bazarlara uyğun insan kapitalı da paralel şəkildə formalaşdırılmalıdır. Əks halda marketinq siyasəti ilə xidmət infrastrukturu arasında uyğunsuzluq yaranır. Bu boşluğun aradan qaldırılması üçün bir neçə sistemli addım zəruridir. Ali və peşə təhsili müəssisələrində hədəf bazar dilləri üzrə ixtisaslaşmış modullar genişləndirilməli, sertifikasiya mexanizmləri dil səviyyəsinə görə diferensiasiya edilməli və dövlət sifarişi modeli tətbiq edilə bilər. Bundan əlavə, xarici dil üzrə təcrübə proqramları və beynəlxalq əməkdaşlıq layihələri insan kapitalının keyfiyyətini artırar".

Bu ehtiyac real statistik göstəricilərdə də əksini tapır. Hazırda Azərbaycanda 157 sertifikatlı turizm bələdçisi fəaliyyət göstərir. Onlardan cəmi 2-si ərəb, 3-ü Çin və 3-ü isə ispan dilində xidmət edə bilir. Bütün bələdçilər ingilis dilini bilsə də, hədəf bazarlar üzrə ixtisaslaşmış kadr sayı son dərəcə məhduddur.

Turizm eksperti Rəhman Quliyev isə qeyd edir ki, hazırda dil bilən sertifikatlı bələdçilərin sayı məhduddur və xüsusilə Çin bazarı üzrə ciddi kadr çatışmazlığı müşahidə olunur.

Onun sözlərinə görə, bir çox hallarda çinli turist qrupları ingilis dilində danışan bələdçilərlə işləməyə məcbur qalır: "Çin dili üzrə tədris geniş yayılmayıb və peşəkar turizm terminologiyasını bilən kadrların sayı çox azdır. Potensial böyükdür, lakin insan resursu çatışmazlığı mövcuddur. Çin bazarında turlar əsasən qrup formatında təşkil olunur və yerli Çin dilli bələdçi olmadıqda marşrut riskli hesab edilə bilər. Bu halda alternativ, daha hazır infrastruktura malik ölkələrə üstünlük verilə bilər və mövsüm vaxtlarında sifarişlər geri çevrilə bilər".

Ekspertin fikrincə, Çin və ərəb dilli bələdçilərin çatışmazlığının aradan qaldırılması qısa müddətli operativ tədbirlər və uzunmüddətli struktur islahatları kimi həyata keçirilməlidir: "Burada dövlət koordinasiyaedici və stimullaşdırıcı rol oynamalı, ilk növbədə bazar prioritetlərini müəyyənləşdirməli, daha sonra təhsil və təlimə investisiya qoymalı, sertifikat və keyfiyyət standartlarını formalaşdırmalı, eyni zamanda universitet–özəl sektor–tur operatorları arasında əlaqələri dərinləşdirməlidir".

Bir sözlə, mütəxəssislər hesab edirlər ki, turizmdə real üstünlük təbiət və memarlıqla deyil, qonaqla ana dilində qurulan mənalı dialoqla formalaşır. Çünki ölkə haqqında ən güclü təəssürat binalarla yox, düzgün seçilmiş sözlərlə və mədəni həssaslıqla yaradılır.

Xatırladaq ki, Bu ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və yaxud 5 % çoxdur.

Məlumata görə, ötən ay turist axını Rusiyadan illik müqayisədə 2 % artımla 42 342 nəfər, Türkiyədən 15,5 % artımla 36 536 nəfər, İrandan isə 2,1 % artımla 15 399 nəfər olub.

Cənubi Asiya regionu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və yaxud 44,9 % artım deməkdir.

İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8 734 nəfər), Pakistan (6 758 nəfər), Qazaxıstan (5 676 nəfər), Özbəkistan (5 130 nəfər) və İsrail (4 972 nəfər) olub.

Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22 % artaraq 26 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44 % artaraq 6 819 nəfərə çatıb.

Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2,5 % artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq 72,3 % artım nümayiş etdirib.

Xəbər lenti