Tədqiqatçılar hesab edirlər ki, Yer kürəsində həyat üçün vacib olan iki əsas kimyəvi element, fosfor və azot xüsusi şəraitin uyğunlaşması sayəsində qorunub saxlanılıb. Belə ideal balans olmasaydı, zahirən Yerə bənzəyən bir çox qayalı planetlər yaşayış üçün yararlı görünsə də, əslində həyat üçün uyğun olmazdı.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Alimlərin izahına görə, Yer üzündə həyatın yaranması üçün kifayət qədər fosfor və azot ehtiyatı vacib idi. Fosfor DNT və RNT-nin formalaşmasında əsas rol oynayır. Bu molekullar genetik məlumatı saxlayır və ötürür, eyni zamanda hüceyrələrin enerji mübadiləsində iştirak edir. Azot isə hüceyrələrin qurulmasını və fəaliyyətini təmin edən zülalların əsas tərkib hissəsidir.
Qayalı planetin formalaşması zamanı bu elementlərin kifayət qədər olması böyük əhəmiyyət daşıyır. Bu isə öz növbəsində oksigenin düzgün miqdarından asılıdır. Tədqiqatçıların fikrincə, Yer 4,6 milyard il əvvəl məhz fosfor və azotun uyğun balansını əldə edib və bu, həyatın yaranmasına imkan verən nadir bir şans hesab olunur.
Planetlərin formalaşma mərhələsində onlar çox vaxt qismən və ya tam ərimiş vəziyyətdə olur. Bu zaman ağır elementlər mərkəzə doğru enərək nüvəni formalaşdırır, daha yüngül elementlər isə səthə qalxaraq mantiya və qabığı yaradır. Məhz bu mərhələdə oksigenin miqdarı planetdə həyatın inkişaf edib-etməyəcəyini müəyyən edən əsas amilə çevrilir.
Alimlər bildirirlər ki, oksigen səviyyəsi çox dar bir diapazonda olmalıdır ki, fosfor və azot mantiya və qabıqda qalaraq həyat üçün əlçatan olsun. Oksigen az olduqda fosfor dəmir kimi ağır metallarla birləşərək nüvəyə enir. Oksigen çox olduqda isə azot kosmosa daha asan buxarlanır. Hər iki halda planetdə həyatın yaranması mümkünsüz olur.
Modeləşdirmə vasitəsilə aparılan hesablamalar göstərib ki, Yer kürəsində oksigenin optimal səviyyəsi formalaşıb və bu da fosforla azotun səthdə qalmasına, nəticədə həyat üçün əlverişli şəraitin yaranmasına imkan verib.
Tədqiqatçılar vurğulayırlar ki, bütün qayalı planetlər lazımi kimyəvi balansı əldə etmir. Buna görə də potensial olaraq yaşayışa yararlı görünən hər planet əslində həyat üçün uyğun olmaya bilər. Əvvəllər əsas diqqət yalnız maye suyun mövcudluğuna yönəldilirdi, lakin suyun olması həyatın mövcudluğuna zəmanət vermir.
Planetdəki oksigen miqdarı onun ulduzunun tərkibindən asılıdır. Buna görə də alimlər ulduzların öyrənilməsinin planetlərin yaşayışa yararlılığını qiymətləndirmək baxımından vacib olduğunu bildirirlər. Mütəxəssislər hesab edirlər ki, Günəşə bənzər ulduzların ətrafında dövr edən qayalı planetlərdə həyat üçün əlverişli şərait yaranma ehtimalı daha yüksəkdir.
Dünya Yer kürəsi