Krasnoyarsk yaxınlığında 12 yaşlı oğlanın meyitinin tapılması ilə bağlı təfərrüatlar məlum olub. Qeyd olunur ki, əsas şübhəli mərhumun sinif yoldaşıdır.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, noyabrın 17-də səhər saatlarında Açinsk şəhər sakini oğlunun məktəbdən qayıtmayaraq, itkin düşməsi barədə məlumat verib. Bir gün sonra, uşağın meyiti Mazulka çayında tapılıb. Məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, oğlan başından iti cisimlə, ehtimal ki, balta ilə vurularaq ölümcül yaralanıb, daha sonra isə bıçaqla kəsilib.
Sahildəki qanlı ayaq izləri mərhumun sinif yoldaşının yaşadığı fərdi evə aparıb. Bundan əlavə, evdə qan ləkələri və zərərçəkənin bel çantası aşkar edilib.
İstintaqın məlumatına görə, noyabrın 17-də axşam saatlarında mərhum sinif yoldaşının evinə gəlib və orada aralarında münaqişə yaranıb. İddia edilir ki, qonaq dostunun anası ilə sərt danışıb. Bu da onun sinif yoldaşının kəskin reaksiyasına gətirib çıxarıb. Belə ki, o, baltanı götürərək evinə gələn sinif yoldaşının başına bir neçə zərbə vurub, sonra bıçaqla onu kəsib.
Bundan sonra o, meyiti araba ilə çay sahilinə apararaq suya atıb. Evə qayıdanda isə qanlı izləri gizlətməyə çalışıb. İstintaq Komitəsi aydınlaşdırıb ki, qətl zamanı evdə yalnız mərhumun sinif yoldaşı olub