Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda investisiya qoyuluşu ÜDM-in 16,3 %-ni təşkil edəcək.
Bu barədə "Report" IMF-in hesabatına istinadən xəbər verir.
"Ötən il karbohidrogen hasilatının həcmi əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft-qaz sektorunda artım isə karbohidrogen qiymətlərinin enməsinin dolayı təsirləri və əvvəlki yüksək səviyyələrdən sonra investisiyaların normallaşması fonunda ləngiyib", - IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib.
Fondun məlumatına görə, 2025-ci ildə ümumi investisiyaların həcmi 2024-cü ildəki 16,8 %-lə müqayisədə azalaraq ÜDM-in 15,7 %-ə enib.
IMF-in gözləntilərinə əsasən, 2026-cı ildən başlayaraq kapital qoyuluşlarının artım tempi yenidən bərpa olunacaq. 2027-ci ildə onların ÜDM-də payı 16,4 %, 2028-ci ildə 16,5 %, 2029-cu ildə 16 %, 2030-cu ildə 15,3 % təşkil edəcək və 2031-ci ildə bu səviyyədə qalacaq.
2026-cı ildə ölkə iqtisadiyyatına qoyulan dövlət investisiyalarının payının ÜDM-in 10,9 %-i səviyyəsində olacağı gözlənilir. 2027-ci ildə bu göstərici 10,3 %-ə, 2028-ci ildə 9,8 %-ə, 2029-cu ildə 9,1 %-ə, 2030-cu ildə 8,4 %-ə, 2031-ci ildə isə 8,1 %-ə qədər azalacaq.
Öz növbəsində, 2026-cı ildə özəl investisiyaların ÜDM-in 5,4 %-i səviyyəsində olacağı proqnozlaşdırılır. 2027-ci ildə bu göstərici 6,1 %-ə (bunun 0,3 %-i neft sektorunun payına düşəcək), 2028-ci ildə 6,8 %-ə (0,5 %), 2029-cu ildə 6,9 %-ə (0,5 %) qədər artacaq və 2030-cu ildə bu səviyyədə qalacaq. 2031-ci ildə özəl investisiyaların payı 7,2 %-ə (0,4 %) qədər artacaq.
IMF-in missiya rəhbərinin fikrincə, iqtisadiyyatın şaxələndirilməsində özəl sektorun rolunun, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsi hesabına genişləndirilməsi özəl sektorun maliyyələşməyə çıxışını artırmaq üçün kapital bazarlarının dərinləşdirilməsini, insan kapitalına investisiya yatırmaqla əmək məhsuldarlığının artırılmasını, həmçinin əmək bazarında qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəlmiş islahatların davam etdirilməsini tələb edir.