Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, xaricdən inflyasiya təzyiqinin azalması və büdcə konsolidasiyasının davam etdirilməsi şərtilə, Azərbaycanda illik inflyasiya 2025-ci ilin sonundakı 5,2 %-dən 2026-cı ilin sonuna 5 %-ə, 2027-ci ilin sonuna isə 4 %-ə enəcək.
"Report" xəbər verir ki, bunu IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib.
IMF 2032-ci ilə qədər olan dövrdə illik inflyasiyanın 4 % səviyyəsində sabit qalacağını gözləyir.
Eyni zamanda, IMF-nin proqnozlarına görə, orta illik inflyasiya 2026-cı ildə 5,2 % (2025-ci ildə 5,6 %), 2027-ci ildə 4,5 % təşkil edəcək, sonrakı illərdə isə – 2032-ci ilə qədər 4 % səviyyəsində gözlənilir.
"Əsasən xarici amillərin təsiri altında inflyasiya müvəqqəti olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonunun yuxarı həddini ötüb, lakin 2025-ci ilin ikinci yarısında yenidən həmin diapazon çərçivəsinə qayıdıb. İnflyasiyanın azalması gözlənilsə də, artan xarici qeyri-müəyyənliyi və hələ də formalaşmaqda olan pul-kredit siyasətinin transmissiya mexanizmini nəzərə alaraq, inflyasiya risklərinin diqqətli monitorinqi və inflyasiyanın gözlənilməz dəyişmələrinə reaksiya verilməsi vacib olacaq", – A. Bordon deyib.
Onun sözlərinə görə, banklararası bazarda faiz dərəcələri uçot dərəcəsinə yaxın qalır, bu da AMB tərəfindən izafi likvidliyin uğurlu idarə olunmasını əks etdirir.
"Bütövlükdə iqtisadiyyata transmissiyanın əhəmiyyətli dərəcədə yaxşılaşdırılması risksiz gəlirlik əyrisinin daha da inkişaf etdirilməsini və dollarlaşma, yüksək əməliyyat xərcləri və bank sektorunda aşağı rəqabət kimi çoxdankı struktur problemlərinin həllində tərəqqinin davam etdirilməsini tələb edəcək", - A.Bordon bildirib.