Bakı Ağır Cinayətlər Məhkəməsində törətdiyi ağır yol-qəza nəticəsində iki nəfərin ölümünə səbəb olmuş Sultan Sultanlının cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi Sultan Sultanlının 3 il sürücülük hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum edildiyini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Sultan Sultanlının 5 il sürücülük hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Zərərçəkənin ailəsi 70 000 təzminatın ödəniləcəyi təqdirdə barışıq ola biləcəyini bildirmişdi. Təqsirləndirilən tərəf bu qədər məbləği vermək imkanında olmadıqlarını bildirmişdilər.
Xatırladaq ki, 2025-ci ilin aprelin 24-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi "Lada" markalı avtomobillə Sultanlı Sultan Rafael oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlər - Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fakta görə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Sultan Sultanlıya qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanılıb.
Hadisələr