IMG-LOGO

Rusiya Bakının qoşulduğu təşəbbüslərə can atır - Mərkəzi Asiya dialoqunda yeni güc balansı - ŞƏRH

18 Dec 2025 14:50 5 baxış
IMG

Rusiyanın Tacikistandakı səfirinin birinci katibi Aleksey Zenko Düşənbədə keçirilən "Mərkəzi Avrasiya dövlətləri inteqrasiya prosesində: prioritetlər, qarşılıqlı əlaqənin xarakteri, imkanlar" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı diqqət çəkən açıqlma ilə yadda qalıb.

Diplomat bildirib ki, Moskva Mərkəzi Asiya ölkələri və Azərbaycanın dövlət başçıları arasında məsləhətləşmə görüşləri formatına qoşulma imkanını nəzərdən keçirir. Bir gün əvvəl Zəngəzur dəhlizi ilə bağlı açıqlama verən və layihəyə qoşulmaq niyyətini ortaya qoyan Kremlin növbəti gün Azərbaycanın olduğu başqa formata qoşulma imkanı ilə bağlı açıqlaması bir sıra mətləblərdən xəbər verir.

Bu istək ilk növbədə Moskvanın artıq post-sovet məkanında yaranan yeni reallıqları qəbul etməyə başladığını göstərir. SSRİ dağıldıqdan sonra 70 illik təsir mexanizmləri sayəsində Kreml uzun illər Mərkəzi Asiya və Qafqaz regionunda əsas aktor və təşəbbüskar kimi çıxış edib. Rusiyanın iqtisadi, hərbi və siyasi nüfuzu bu regionlarda əsas qərarların qəbuluna və layihələrin lideri olmasına şərait yaradırdı. Amma son illər dəyişən geosiyasi durum, Azərbaycanın və Türkiyənin regionun əsas aktorları kimi çıxış etməsi, bir sıra beynəlxalq layihələr (bu layihələrdə də əsas kilid ölkə Azərbaycandır), Ukrayna müharibəsi, Qərbin sanksiyaları, enerji bazarındakı dəyişikliklər, Çin və Qərbin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə artan əməkdaşlığı, ərəb liqası ölkələrinin sözügedən regionlara maraq göstərməsi və investisiyaları Moskvanın dominant mövqeyini zəiflədib. Bu reallıqlar fonunda Rusiya artıq birbaşa təşəbbüs göstərmək əvəzinə, mövcud platformalara qoşularaq, regional dialoqlarda iştirak etməklə səsini eşitdirməyə çalışır. Məsələn, son illərdə Qazaxıstan və Özbəkistanın həm Çin, həm də Avropa ilə birbaşa iqtisadi layihələrə qoşulması, həmçinin Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz kimi təşəbbüslərdə Azərbaycanın liderlik rolu Moskvanın əvvəlki dominantlıq modelini davam etdirməsini çətinləşdirir.

Zenkonun açıqlaması göstərir ki, Moskva artıq regionda yalnız təsir göstərən tərəf olmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın vasitəsi ilə strateji oyunlara daxil olmağa çalışır, bu da Bakının regional platformalarda nüfuzunun açıq qəbul edilməsinin nümunəsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu, Rusiyanın post-sovet məkanında dəyişən güc balansını və artan çoxvektorlu siyasət tendensiyalarını əks etdirir, çünki artıq Kreml birbaşa nəzarət və dominantlıqla deyil, mövcud aktorlarla dialoq və əməkdaşlıq yolu ilə regionda mövqeyini qorumağa çalışır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanın son günlər verdiyi açıqlamalar Moskvanın əsasən də Bakının iştirak etdiyi təşəbbüslərə qoşulmaq niyyətindən xəbər verir. Kremlin Azərbaycanla yaxınlaşmaq istəyinin bir neçə səbəbi ola bilər. İlk olaraq, qeyd edək ki, 2014-cü ildən dəyişməyə başlayan dünya düzəni və geosiyasi dinamika, 2020-ci il müharibəsi və Azərbaycanın Qafqaz regionunda diktə edən güclü dövlətə çevrilməsi kimi faktorlara əlavə olaraq, Qərbin müntəzəm yenilənən sanksiya siyasəti Rusiyanın mövqelərini zəiflətdi, iqtisadi resurslarını sıxışdırdı, maliyyə axını və investisiya mühitinə mənfi təsir etdi. Ukrayna müharibəsi və Qərblə münasibətlər Moskvanı resurslarını Avropa cəbhəsinə yönəltməyə məcbur etdi. Rusiya məcburiyyət qarşısında qalaraq, enerji siyasəti və tranzit dəhlizləri üzrə yeni və güvənilir tərəfdaşlar axtarmağa başladı. Eyni zamanda Ermənistanla da korlanan münasibətlər Kreml üçün regionda əsas tərəfdaşın Bakı olduğu həqiqətini qəbul etdirdi.

Moskvada gözəl anlayırlar ki, Azərbaycan artıq təkcə Qafqazın güclü dövləti deyil, regionda çevik və çoxvektorlu diplomatiya sayəsində söz sahibinə çevrilən, Türkiyə ilə tandem sayəsində dünya səviyyəsində sözünü eşitdirən dövlətə çevrilib, Orta Dəhlizin əsas tranzit ölkəsidir. Logistikada mərkəzi rol oynayan Bakıdan çıxan yollar Çin, Mərkəzi Asiya və Qərb bazarlarını birləşdirir. Kreml dərk edir ki, bu təkcə iqtisadi üstünlük deyil, həm də geosiyasi çəkidir. BMT-nin məlumatlarına görə, Azərbaycan tranzit daşımalarını artıraraq Şimal-Cənub və Orta Dəhliz istiqamətində strateji marşrut formalaşdırır, beləliklə qlobal ticarət üçün vacib körpü funksiyasını yerinə yetirir. Bu isə Moskva üçün xüsusi əhəmiyyət daşıyır, çünki Rusiya özü Qərb sanksiyaları tərəfindən məhdudlaşdırıldıqdan sonra alternativ tranzit yolları axtarır.

Son illər türkdilli ölkələr arasında yaranan sıx münasibətlər, əməkdaşlıq da bu məsələdə əsas bəndlərdən biridir. Artıq bütün dünyanın qəbul etdiyi və hər ötən gün gücü, nüfuzu və çəkisi artan TDT-nin siyasi mərkəzinə çevrilən Azərbaycanın fəal iştirakı ilə bir sıra layihələr icra olunur. Bu təşkilatın iclaslarına, sammitlərinə və ortaq layihələrinə Azərbaycanın rəhbərlik rolu digər türk dövlətləri, xüsusilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə əlaqələri dərinləşdirir. Moskva üçün isə bu, həm imkan, həm də çağırışdır. Azərbaycan kanalı ilə türk dünyasında mövcudluq yaratmaq taktikası formalaşır. Eyni zamanda qeyd edək ki, TDT çərçivəsində qərarların əksəriyyəti Ankara və Azərbaycan vasitəsilə qəbul olunur, bu da Moskvanın təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Lakin Rusiya Mərkəzi Asiya-Azərbaycan formatı və digər regional dialoq platformaları vasitəsilə dolayı təsir və məlumat əldə etmək imkanı qazanmağı hədəfləyib. Bu formatlar, xüsusilə məsləhət görüşləri, Rusiya üçün həm strateji izləmə, həm də regionda öz maraqlarını qorumaq baxımından önəm daşıyır.

Bu reallıqlar fonunda Rusiya anlayır ki, Bakısız regional planlama mümkün deyil. Azərbaycanla dialoq yalnız energetika və tranzit sahəsində deyil, həmçinin regional təhlükəsizlik, inteqrasiya təşəbbüsləri və çoxşaxəli əməkdaşlıq formatlarında Moskvanın öz təsir imkanlarını qoruyub saxlaması üçün vacibdir. Bu baxımdan Moskva Bakını həm tərəfdaş, həm də regionda tarazlığı təmin edən strateji aktor kimi qəbul edir. Azərbaycanın artan rolu Rusiya üçün yalnız geosiyasi balans məsələsi deyil, eyni zamanda Qərb, Çin və Türk dünyası ilə mühüm diplomatik interfeys rolunu oynayır ki, bu da Moskvanın regionda strateji mövqeyini möhkəmləndirmək üçün prioritet hesab edilir.

Rusiyanın Mərkəzi Asiya-Azərbaycan formatına qoşulmaq istəyini eyni zamanda Çin və Qərbin Mərkəzi Asiya ilə artan əlaqələri fonunda da qiymətləndirmək olar. Son illərdə Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Mərkəzi Asiyada enerji, nəqliyyat və infrastruktur layihələrini sürətləndirərək böyük iqtisadi təsir yaradır. Eyni zamanda Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı regionda enerji təhlükəsizliyi, siyasi sabitlik və demokratik inkişaf sahəsində təsirini artırmağa çalışır. Bu yeni çoxvektorlu oyunçular Rusiya üçün həm rəqabət, həm də təzyiq mənbəyidir. Moskva anlayır ki, Mərkəzi Asiya və Azərbaycan arasında formalaşan dialoq və inteqrasiya prosesləri Rusiyasız inkişaf edərsə, Pekin və Qərbin təsiri səbəbindən Moskva bu regionda da ciddi zəifləmə ilə üzləşə bilər. Bu səbəbdən də Kremlin Mərkəzi Asiya-Azərbaycan formatına qoşulmaq təşəbbüsü həm regional qərarlarda iştirakını təmin etmək, həm də Çin və Qərbin artan təsirini balanslaşdırmaq üçün strateji müdafiə refleksi kimi qiymətləndirilə bilər.

Azərbaycan üçün bu vəziyyət əhəmiyyətli strateji imkanlar açır. Artıq Rusiya Mərkəzi Asiya-Azərbaycan məsləhətləşmə formatında Azərbaycanın sadəcə iştirakçı olmadığını, əksinə platformanın əsas və strateji rol oynayan aktoru olduğunu qəbul edir. Bu, Azərbaycanın diplomatik uğuru, siyasi çəkisinin artdığını bariz şəkildə sübut edir. Artıq rəsmi Bakı Rusiya-Türkiyə dialoqu ilə yanaşı, Rusiya-Mərkəzi Asiya əməkdaşlığı, Rusiya-Qərb münasibətlərində də balans siyasətini effektiv şəkildə qura bilər. Həm də Rusiya üçün Şimal-Cənub dəhlizi ilə yanaşı, Orta Dəhliz və Xəzər üzərindən tranzit yolları Azərbaycan vasitəsilə daha əlçatan və strateji əhəmiyyətli olur. Bu isə Azərbaycanın qlobal layihələrdə üstünlüyünü artırır. Bu reallıq isə güc balansının əhəmiyyətli dərəcədə dəyişdiyini göstərən açıq siqnaldır və Azərbaycanın regional rolunun həm diplomatik, həm də iqtisadi baxımdan yüksəlməsini əks etdirir.

Kamil Məmmədov

Xəbər lenti