IMG-LOGO

FIFA referisi: "Norveçli hakim sanki özünü rəqibə göstərmək, "ingilissayağı" idarəçilik etmək istəyirdi"

19 Feb 2026 11:40 4 baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda baş tutan "Qarabağ" - "Nyukasl" (1:6) matçının baş hakimi Espen Eskos özünü ingilislərə göstərmək, "ingilissayağı" idarəçilik etmək istəyib.

Bunu "Report"a açıqlamasında FIFA referisi Fariz Yusifov deyib.

O, rəqib oyunçunun "Qarabağ"ın futbolçusuna qarşı etdiyi kobudluğun minimum sarı, hətta qırmızı vərəqə ilə nəticələnməli olduğunu bildirib:

"Epizodların birində rəqib futbolçu "Qarabağ"ın oyunçusunun ayağını tapdaladı. Buna görə ən azı sarı vərəqə verilməli idi. Çünki futbolçunun ayağı qırıla bilərdi. Ayağın altı ilə, qorunmayan nahiyəyə – topuğun arxa tərəfinə zərbə endirilmişdi. Ümuiyyətlə, belə kobudluqlara, ayaq tapdalamalarına reaksiya vermirdi. Sanki rəqib ingilis klubu olduğuna görə özünü, "ingilissayağı" hakimlik etdiyini göstərmək istəyirdi".

Penalti epizoduna toxunan F.Yusifov norveçli hakimin oyunun ruhunu hiss etmədiyini vurğulayıb:

"32-ci dəqiqədə təyin olunan penalti epizodu zamanı topun qapı istiqamətinə getməsini əsas götürdülər. Ancaq top qapı istiuqamətinə getsə belə, yerə yıxılan Mateus Silvanın arxasında "Qarabağ"ın daha iki oyunçusu var idi. Üstəlik, o, yıxılarkən əlini dayaq kimi yerə qoydu və topu görmürdü. Oyunçu yerə yıxılan anda üzü öz qapısına tərəf idi, yəni zərbəni görmürdü. 2:0 öndə olan komandanın lehinə belə penalti vermək oyunun ruhunu oxuya bilməməkdir. Bu, "ucuz penalti"dir. Onsuz da oyunun əvvəlindən hiss olunurdu ki, "Qarabağ" uduzacaq. VAR çağırsa da, hakim öz qətiyyətini göstərib oyunu davam etdirə bilərdi".

Referi Elvin Cəfərquliyevin vurduğu qolun VAR yoxlamasından sonra qeydə alınmasını ədalətli qərar hesab edib:

"Köməkçi hakim səhv edib ofsayd bayrağını qaldıra bilər. Amma VAR baxdı və ədalət yerini tutdu. Qol təmiz idi".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında cavab matçı fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Xəbər lenti