UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı Bakıda 6:1 hesabı ilə məğlub edən "Nyukasl" bir sıra rekordlara imza atıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın vingeri Entoni Qordon UEFA Çempionlar Liqasının bir mövsümündə 10 qol vurmaqla "Nyukasl"ın turnirdəki rekordunu yeniləyib. Əvvəlki rekord 6 qolla Alan Şirerə məxsus idi.
Bununla yanaşı, Qordon turnirin pley-off mərhələsinin ilk hissəsində 4 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin Alan Şirer və Faustino Asprilyadan sonra "sağsağanlar"ın heyətində Çempionlar Liqasında het-trik edən üçüncü oyunçu olub.
Klubun start heyətində 7 ingilis futbolçunun (Entoni Qordon, Xavri Barns, Nik Poup, Kiran Tripper, Den Bern, Lyois Holl və Co Uillok) yer alması isə 1998-ci ildəki "Mançester Yunayted" - "Monako" matçından bəri Premyer Liqa təmsilçiləri üçün rekord göstərici kimi qeydə alınıb.
Bundan başqa, "Nyukasl" turnirin pley-off mərhələsində ilk hissədən sonra 5 və ya daha çox qol fərqi ilə öndə olan ikinci komanda olub. Bu nəticəyə sonuncu dəfə 2015-ci ildə "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) oyununda rast gəlinib.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında cavab matçı fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.