Azərbaycan fiskal qaydaların tətbiqi sayəsində büdcə siyasətinin şəffaflığını gücləndirib.
Bu barədə "Report" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-2030-cu illər üçün İqtisadi İdarəetmə Strategiyasının layihəsinə istinadən xəbər verir.
Sənəddə qeyd olunub ki, Türkiyə və Qafqaz regionu bütövlükdə dövlət idarəetməsinin keyfiyyəti üzrə nisbətən yüksək göstəricilər nümayiş etdirir. Bununla belə, korrupsiyanın qavranılması, rəqabət səviyyəsi və dövlət müəssisələrinin idarə olunması (sonuncu göstərici ilə bağlı qiymətləndirmə Azərbaycan və Gürcüstan üzrə məlumatlara əsaslanır) kimi istiqamətlərdə geri qalma davam edir.
Regionda təbii ehtiyatların idarə olunması birmənalı olmayan nəticələrlə xarakterizə olunur. Azərbaycan xüsusilə, Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən fiskal qaydaların tətbiqi hesabına şəffaflığı və büdcə intizamını artırıb. Eyni zamanda, Cənub və Şərqi Aralıq dənizi (SEMED) ölkələrində dağ-mədən sahəsində zəif idarəetmə göstəriciləri qeydə alınır, üstəlik, 2016-2024-cü illərdə geriləmə müşahidə edilib.
Bankın qiymətləndirməsinə görə, aydın fiskal və normativ mexanizmlər tətbiq etmiş resurslarla zəngin ölkələr daha böyük makroiqtisadi sabitliyə və hesabatlılığa nail olublar. Müvafiq islahatlar aparmayan dövlətlər isə hələ də qeyri-effektiv idarəetmə üzrə yüksək risklərlə üzləşirlər.
Məlumata görə, EBRD strategiya layihəsi üzrə ictimai məsləhətləşmələrə başlayıb. Sənəd 2026-cı il martın 28-nə qədər şərhlər üçün açıqdır.
Bankın 2026-2030-cu illər üzrə strateji və kapital bazasına əsasən, iqtisadi idarəetmə "yaşıl iqtisadiyyat"a keçid, insan kapitalının inkişafı və bərabər imkanların təmin edilməsi ilə yanaşı fəaliyyətin üç əsas istiqamətindən biri kimi müəyyən edilib. Strategiya səmərəli fəaliyyət göstərən bazar iqtisadiyyatlarının formalaşdırılmasına yönəlmiş uzunmüddətli sistemli dəyişikliklərin gücləndirilməsinə istiqamətlənib.
"Bankın unikal biznes modelini - siyasət və investisiya sahəsindəki islahatların sıx inteqrasiyasını - məqsədyönlü əməliyyat yanaşması ilə birləşdirən strategiya, iqtisadi idarəetməni sistemli bazar islahatları üçün transformasiya vasitəsi kimi mövqeləndirir. Bu, regionlarımıza açıqlıq, innovasiyalar və yeni imkanlarla xarakterizə olunan gələcəyə keçməyə kömək edəcək", - sənəddə vurğulanıb.
Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 895 milyon avro dəyərində qiymətləndirilir. Bunun 40 %-i özəl sektorun payına düşür. Hazırda Azərbaycanda EBRD-nin 36 layihəsi aktivdir. Ümumilikdə EBRD ölkədə 201 layihənin həyata keçirilməsinə 3,612 milyard avro investisiya yatırıb.