IMG-LOGO

Azərbaycan və Böyük Britaniya karbon bazarlarının formalaşdırılmasını müzakirə edib

17 Feb 2026 15:38 4 baxış
IMG

"Bakı Fond Birjası" (BFB) və London Fond Birjası arasında karbon bazarlarının formalaşdırılması müzakirə edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, bu müzakirələr BFB-nin nümayəndə heyətinin Londona işgüzar səfəri zmanı aparılıb.

Səfər çərçivəsində BFB nümayəndələri Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birgə London Fond Birjasında görüşdə iştirak ediblər. Görüş zamanı dayanıqlı maliyyə alətləri, karbon sertifikatları və yaşıl istiqrazlar üzrə beynəlxalq təcrübə, eləcə də bu istiqamətdə bazar infrastrukturunun inkişafı imkanları müzakirə olunub.

Tərəflər qlobal maliyyə bazarlarında ESG prinsiplərinin tətbiqi, yaşıl maliyyə mexanizmlərinin təşviqi və karbon bazarlarının formalaşdırılması üzrə mövcud yanaşmalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, Azərbaycanın kapital bazarında dayanıqlı maliyyə alətlərinin inkişaf perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olub.

BFB beynəlxalq təcrübənin öyrənilməsi və dayanıqlı maliyyə alətlərinin yerli bazarda tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti