Azərbaycanda təhsil sektorunda bəzi proqramlar üzrə maliyyə təminatı ilə nəticə göstəriciləri arasında uyğunsuzluq aşkarlanıb.
"Report" bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalının 3-cü buraxılışında dərc olunmuş təhlilinə istinadən xəbər verir.
Bildirilib ki, 2026-cı il dövlət büdcəsi layihəsində "Təhsil" bölməsi üzrə xərclər 5 milyard 15,9 milyon manat proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 78,6 milyon manat çoxdur.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi 2026–2029-cu illəri əhatə edən ortamüddətli büdcə planında 2026-cı il üzrə 4 529,7 milyon manat vəsait əks olunub ki, bu da dövlət büdcəsi layihəsində göstərilən ümumi məbləğdən fərqlənir.
Hesablama Palatasının təhlillərinə əsasən, bəzi tədbirlər üzrə maliyyə artımı ilə nəticə indikatorları arasında uyğunsuzluq mövcuddur.
Məsələn, "Ümumi təhsildə təmayüllərin, peşə təmayüllü siniflərin və inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi" tədbiri üzrə müəyyən edilmiş indikator – peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin payı üzrə 2025-ci illə müqayisədə 2026-cı ildə 2 %, sonrakı illərdə də əlavə 2 % artım nəzərdə tutulub. Lakin bu artımı dəstəkləyəcək əlavə maliyyə vəsaiti planlaşdırılmayıb.
Bundan başqa, bəzi proqramlar üzrə İzahat sənədi ilə büdcə planında göstərilən hədəflər arasında fərqlər qeydə alınıb.
Məsələn, "Uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi" tədbiri üzrə hədəf 12 min nəfər, İzahat sənədində isə 11 min nəfər göstərilib. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə büdcə planında hədəf 280 nəfər, İzahat sənədində isə 100 nəfər kimi qeyd olunub.
Hesablama Palatası bildirir ki, nəticə əsaslı büdcə mexanizminin effektiv tətbiqi üçün indikatorlarla maliyyə planlaşdırması arasında daha dəqiq və ölçülə bilən əlaqə təmin edilməlidir.
Palata vurğulayır ki, strateji məqsədlərlə büdcə vəsaitlərinin bölgüsü arasında uyğunluğun gücləndirilməsi dövlət xərclərinin səmərəliliyinin artırılması baxımından vacib şərtdir.