IMG-LOGO

Azərbaycanın turizm xəritəsi yenidən formalaşır: Hansı yaş qrupu üstünlük təşkil edir? - ARAŞDIRMA

14 Feb 2026 17:09 3 baxış
IMG

Azərbaycana səfər edən turistlərin siyahısında orta yaş qrupu azalır, gənclər və yaşlı turistlər artır, əsas bazarlardan biri zəifləyir (Hindistan), digəri (Türkiyə) isə sürətlə güclənir. 2025-ci ilin turizm statistikası göstərir ki, Azərbaycana gələnlərin ümumi sayı cəmi 2,7 % azalsa da, turist axınının strukturu ciddi şəkildə dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, ötən il ölkəyə turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 804 min 754 nəfər olub. Rəqəmlər bazarların və yaş qruplarının dinamikasında yeni tendensiyaları da ortaya qoyur.

Məsələn, ən böyük mənbə bazarı olan Rusiya istiqamətində azalma qeydə alınıb, Türkiyə isə ikinci yerə yüksələrək bütün yaş kateqoriyaları üzrə artım nümayiş etdirib. Hindistan bazarında isə kəskin geriləmə müşahidə olunub. Eyni zamanda, 17-25 yaşlı və 66+ turistlərin sayındakı artım ölkənin daha müxtəlif yaş seqmentləri üçün cəlbediciliyinin dəyişdiyini göstərir.

Ümumi azalma fonunda yaş strukturunda dəyişiklik xüsusilə diqqət çəkir. 2025-ci ildə ölkəyə gələn 1 milyon 804 min 754 turistin 199 min 895 nəfəri 17 yaşa qədər olub ki, bu da illik müqayisədə 6,2 % azdır.

Buna qarşılıq, 17-25 yaş qrupu üzrə ciddi artım qeydə alınıb - bu kateqoriyada turistlərin sayı 32,7 % artaraq 249 min 051 nəfərə çatıb. 26-35 yaşlı turistlərin sayı da 6,4 % artaraq 331 min 068 nəfər olub.

Ən böyük azalma isə məhz orta yaş seqmentində müşahidə olunur. 36-45 yaşlı turistlərin sayı 13,2 % azalaraq 470 min 524 nəfərə, 46–55 yaşlıların sayı isə 14,1 % azalaraq 341 min 775 nəfərə düşüb. 56-65 yaş qrupunda azalma daha məhdud - 2,1 % təşkil edib (111 min 837 nəfər). Maraqlıdır ki, 66 və yuxarı yaşlı turistlərin sayı 14,2 % artaraq 100 min 604 nəfərə yüksəlib.

Bu dinamika göstərir ki, Azərbaycana səfər edənlərin strukturunda "gəncləşmə" və eyni zamanda "yaşlılaşma" paralel gedir, lakin ənənəvi olaraq xərcləmə qabiliyyəti daha yüksək hesab olunan orta yaşlı turistlərin azalması turizm sektorunun gəlir strukturuna da təsirsiz ötüşməyə bilər.

Mənbə ölkələr üzrə vəziyyət isə daha fərqli mənzərə yaradır.

Ən böyük bazar olaraq qalan Rusiya istiqamətində 18,5 %-lik azalma qeydə alınıb - il ərzində Azərbaycana 489 min 147 nəfər rusiyalı turist gəlib. Xüsusilə 36-45 yaşlılar (-41 %) və 46-55 yaşlılar (-29,7 %) arasında kəskin azalma müşahidə olunur. 17 yaşadək turistlərdə də 19,8 %-lik geriləmə var. Bunun fonunda 26-35 yaşlı turistlər 24,8 % artaraq 103 min 592 nəfərə yüksəlib ki, bu da gənc seqmentin daha aktivləşdiyini göstərir.

Türkiyə bazarı isə tam əks dinamika nümayiş etdirib. Bu ölkədən gələn turistlərin sayı 32,6 % artaraq 217 min 472 nəfərə çatıb. Artım bütün yaş kateqoriyalarını əhatə edib. Xüsusilə 17-25 yaşlı turistlərin sayının iki dəfə artaraq 30 min 008 nəfərə, 56-65 yaşlıların 68,7 %, 66+ yaşlıların isə 61,2 % artması diqqət çəkir. Bu, Türkiyədən həm gənclərin, həm də ailə və yaşlı turistlərin Azərbaycana marağının gücləndiyini göstərir.

Hindistan bazarında isə əks tendensiya müşahidə olunub. Bu ölkədən gələn turistlərin sayı 33,4 % azalaraq 156 min 816 nəfər təşkil edib. Azalma bütün yaş qruplarında qeydə alınıb və xüsusilə 26-35 yaşlılar (-41,4 %), 46-55 yaşlılar (-39,9 %) və 56-65 yaşlılar (-41,6 %) üzrə daha kəskindir.

Beləliklə, 2025-ci ilin statistikası göstərir ki, Azərbaycan turizm bazarında ümumi həcmdə cüzi azalma olsa da, əsas dəyişiklik struktur xarakterlidir. Rusiya və Hindistan bazarlarında geriləmə, Türkiyədə isə sürətli artım müşahidə olunur. Eyni zamanda, gənclər və yaşlı turistlər arasında artım fonunda orta yaş seqmentində azalma turizm strategiyasında hədəf bazar və məhsul müxtəlifliyinin yenidən qiymətləndirilməsini zəruri edir.

Xəbər lenti