"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernləşdirilməsi üzrə əsas təşəbbüslərin milli normativ bazanı ən yaxşı beynəlxalq təcrübəyə yaxınlaşdıracağını gözləyir.
"Report" "S&P Global Ratings"ə istinadən xəbər verir ki, agentlik Azərbaycanın bank sektorunun Ölkə Risklərinin Qiymətləndirilməsi (BICRA) çərçivəsində sahəvi riski üzrə qiymətləndirməsini 8-dən 7-yə yüksəldib.
"Biz sahəvi riski üzrə qiymətləndirməmizi yaxşılaşdırdıq, bu da bank sektorunda tənzimləmə və nəzarətin gücləndirilməsini əks etdirir. İqtisadi risk üzrə müsbət tendensiya (qiymət 8) daha ciddi tənzimləyici nəzarətin bankların ifrat riskə getmək meyilliliyini məhdudlaşdıracağı və sistemdə kredit risklərini azaldacağı ilə bağlı gözləntilərimizi əks etdirir", - məlumatda bildirilib.
"S&P" qeyd edib ki, sektor riski üzrə qiymətləndirmənin yaxşılaşdırılması son üç il ərzində tənzimləmə və nəzarətin modernləşdirilməsi üçün atılmış addımları əks etdirir.
"2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində tənzimləyici banklar üçün əlaqəli tərəflərlə əməliyyatları məhdudlaşdıran korporativ idarəetmə standartını, eləcə də "Bazel III" tələblərinə uyğun olaraq likvidlik riskinin idarə edilməsi üzrə əsasnaməni tətbiq edib.
"S&P" xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə risk-əsaslı nəzarətə keçidi və "IFRS 9" standartının tətbiqini, kapital adekvatlığı strukturunun "Bazel III" tələblərinə uyğunlaşdırılması üçün ona yenidən baxılmasını, stres-testlərə dair tələblərin sərtləşdirilməsini, həmçinin sanasiya mexanizminin (resolution framework) hazırlanmasını planlaşdırır.
"Biz hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi tənzimləmə və nəzarəti əlavə olaraq gücləndirəcək, baxmayaraq ki, ölkənin normativ bazası beynəlxalq standartlarla müqayisədə hələ də daha zəif olaraq qalır", - məlumatda qeyd olunub.
Bundan əlavə, agentlik bir sıra bankların reytinqlərini təsdiqləyib, "PAŞA Bank" ASC-nin reytinqləri üzrə proqnozu isə sabitdən pozitivə dəyişib.
"PAŞA Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqləri pozitiv proqnozla "BB-/B" səviyyəsində təsdiqlənib.
Agentlik həmçinin hesab edir ki, "PAŞA Bank"dakı 5 %-lik payın gözlənilən IPO-su qısamüddətli perspektivdə onun kapital buferlərini artıra bilər və 2026-2027-ci illərdə risk nəzərə alınmaqla düzəliş edilmiş kapital əmsalını (RAC) 7-7,5 %-ə çatdıra bilər.
"S&P" "Kapital Bank" ASC-nin reytinqlərini pozitiv proqnozla "BB-/B" səviyyəsində, "Azər-Türk Bank" ASC-nin reytinqlərini isə sabit proqnozla "B+/B" səviyyəsində saxlayıb.
"Kapital Bank" Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətləri ekosistemini inkişaf etdirərək mövqelərini möhkəmləndirməyə davam edir. 2025-ci ildə gözlənildiyindən daha yavaş artım (2024-cü ildəki 22 %-ə qarşı brutto-kredit portfelinin təxminən 4 % artımı), ehtimal ki, kapitallaşma səviyyəsinin artmasına gətirib çıxaracaq. Bank RAC əmsalını 5,75-6,25 % aralığında saxlayacaq", - agentliyin analitikləri hesab edirlər.