Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları I oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə edilib.
Belə ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Qanun layihəsinə əsasən, təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçirilə biləcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.