Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə deputat Nurlan Həsənov bu gün keçirilən Milli Məclisin plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması və meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir. Deputat hesab edir ki, belə bir sənədin qəbulu ölkə üçün faydalı olar.
O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2020-ci il tarixli qərarında qaldırılan məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclisə müvafiq tövsiyələr verilib: "Beynəlxalq təcrübənin təhlili də göstərir ki, əksər ölkələrdə mülkiyyətdə olan əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması qaydaları ayrıca normativ-hüquqi aktlarla tənzimlənir".
N. Həsənov əlavə edib ki, Şəhərsalma və Tikinti Məcəlləsi normalarına uyğun olaraq, dövlət ehtiyacları ilə bağlı olmayan məqsədlər üçün tikinti işlərinin aparılması qaydalarının da təkmilləşdirilməsinə ehtiyac var: "O cümlədən, belə tikinti fəaliyyətinin mülkiyyətçilərin iradəsinə zidd şəkildə həyata keçirilməsi şərtləri daha dəqiq müəyyənləşdirilməlidir".