IMG-LOGO

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

11 Feb 2026 14:37 4 baxış
IMG

Bu ilin yanvar ayında pərakəndə Azərbaycanın ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Ötən ay alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,1 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 14,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 ay əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,4 %, fərdi sahibkarlar üzrə 1,8 %, bazar və yarmarkalarda isə 5,5 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 516 manatlıq, o cümlədən 279 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237 manatlıq qeyri-ərzaq malları alıb.

Xəbər lenti