Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Qrinviç” ticarət mərkəzində atışma törədən Azərbaycan vətəndaşları Razi Xəlilov və Hüseyn Allahverdiyevi 7 ilə qədər həbs gözləyir.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların işi Leninski rayon Məhkəməsinə verilib.
“Prokurorluq qonşu ölkələrdən olan iki nəfərə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Onlar silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunurlar. Təqsirləndirilənləri 7 ilə qədər həbs gözləyir”, - Sverdlovsk vilayətinin prokurorluğunun açıqlamasında bildirilib.
İstintaqın məlumatına görə, 2023-cü il noyabrın 26-da Xəlilov və Allahverdiyev mübahisə zamanı travmatik tapançalarla bir-birlərinə atəş açıblar. İnsident zamanı ticarət mərkəzinin binasında çoxlu adam olub. Həmin şəxslər saxlanılaraq istintaq təcridxanasına göndərilib. Yanvarın 23-də onların barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.