Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
"Report" xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.
"Şamaxı" "Qarabağ"a 2:1, "Turan Tovuz" "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" – "Zirə" və "Sabah" – "Qəbələ" qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb: "Səbail" – "Qarabağ" 0:1, "Sabah" – "Sumqayıt" 0:0, "Kəpəz" – "Neftçi" 0:2, "Araz-Naxçıvan" – "Zirə" 1:0.
Bunadək isə 2004/2005 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib: "Neftçi" – "İnter" 0:0, "Gənclərbirliyi" – "MKT-Araz" 0:0, MOİK – "Xəzər Lənkəran" 0:1, "Karat" – "Bakı" 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub: "Dinamo" – "Qarabağ" 0:0, "Kəpəz" – "Bakılı" 0:0, MOİK – "Neftçi" 1:1, "Pambıqçı" (Bərdə) – "Kür-Nur" -:+.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.