Bir çox mobil istifadəçi naməlum nömrədən zəng gəlib qarşı tərəfin susduqdan sonra telefonu söndürməsi ilə qarşılaşıb. İlk baxışdan bu cür zənglər adi nömrə səhvi kimi görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, əksər hallarda bu, fırıldaqçıların istifadə etdiyi üsullardan biridir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, səssiz zənglərin arxasında əsasən telefon dələduzları dayanır.
Onlar qanunsuzluqla əldə etdikləri telefon nömrələri bazaları üzərindən kütləvi zənglər edirlər. Əgər abunəçi zəngə cavab verirsə, həmin nömrə “aktiv” kimi qeyd olunur.
Bir neçə gün sonra bu cür aktiv nömrələr müxtəlif fırıldaq sxemlərində istifadə oluna bilər. Bunlara özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin zəngləri, istifadəçinin səsini yazmaq cəhdləri və ya qəsdən zəngin yarımçıq saxlanılması daxildir. Sonuncu halda abunəçi geri zəng etdikdə, balansdan xeyli məbləğ çıxarıla bilər.
Səssiz zənglərdən necə qorunmaq olar?
Mütəxəssislər bir neçə vacib tövsiyə verir:
Naməlum nömrələrdən gələn zənglərə cavab verməmək ən etibarlı üsullardan biri sayılır. Bu halda fırıldaqçılar nömrəni qeyri-aktiv kimi bazadan silə bilərlər. Əgər zəngə cavab vermisinizsə, “bəli” deməkdən çəkinin. Bu söz sonradan müxtəlif onlayn xidmətlərin təsdiqi üçün istifadə oluna bilər. Böyük mobil operatorların əksəriyyəti spam zənglərin bloklanması xidmətləri təqdim edir. Bu funksiyanı aktivləşdirməklə şübhəli zənglərin qarşısını almaq mümkündür.
Mütəxəssislər ümid edirlər ki, bu tövsiyələr istifadəçilərə səssiz və şübhəli zənglərdən yayınmağa, eləcə də mümkün maliyyə itkilərindən qorunmağa kömək edəcək.
telefon texno