"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz"u mübarizədən kənarlaşdıracaqlarına inanır.
"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin çalışdırıcısı Tovuz kollektivi ilə keçirdikləri ilk matçdan sonra mətbuat konfransında deyib.
O, (0:1) məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bu mərhələnin ilk oyununu keçirdik. Maraqlı qarşılaşmaya şahidlik etdik. Futbolçularımız komanda olaraq yaxşı mübarizə apardılar. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Oyunçularıma təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçuya şans vermişdik. Bunun özünü bizim üçün yeni çağırış hesab etmək olar. İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf "Kəpəz" olacaq".
Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab matçı martın əvvəlində baş tutacaq.