"Mançester Siti" İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib.
"Report" xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda baş tutub.
Qalib komandanın heyətində qolları Omar Marmuş (7 və 29-cu dəqiqələr) və Ticani Reynders (32) vurublar. "Nyukasl"ın yeganə qoluna isə Antoni Elanqa (62) imza atıb. İlk görüşdə də "Mançester Siti" səfərdə 2:0 hesablı qələbə qazanmışdı.
Finalda "Mançester Siti" iki oyunun nəticəsinə görə "Çelsi"ni (3:2, 1:0) üstələyən "Arsenal" ilə qarşılaşacaq. Titul uğrunda həlledici matç martın 22-də Londondakı "Uembli" stadionunda keçiriləcək.
İngiltərə Liqa Kuboku 1960-cı ildən bəri keçirilir. Ötən il turnirin qalibi ilk dəfə "Nyukasl" olub. Qələbə sayına görə lider 10 titulla "Liverpul"dur. "Arsenal"ın hesabında 2, "Mançester Siti"nin aktivində isə 8 qələbə var.