Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tərtərdə mübahisə zəmnində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q-nin cinayət işi üzrə məhkəmədə hökm oxunub.
Lent.az xəbər verir ki, hökmə əsasən F.Q 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 17 yaşlı F.Q-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.
qətl tərtər kriminal